Yanvarın 3–4-də ölkə ərazisində qeydə alınan 43, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, axtarışda olduqlarına görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, narkotik vasitələrlə əlaqəli 13 fakt, eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər isə polis əməkdaşları tərəfindən saxlanılıb.