Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (“Hazır olun”). Qısa, lakin son dərəcə sarsıdıcı bu mesaj ABŞ-da diqqətlə izlənilən analitik və təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı sadə status yox, daha çox geosiyasi mesaj, hətta açıq xəbərdarlıq siqnalı kimi qiymətləndirilir.
Lyuk Koffi kimdir və niyə dedikləri önəmlidir?
Lyuk Koffi ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən biri olan Hudson İnstitutunun aparıcı tədqiqatçısıdır. O, Avropa, Avrasiya, NATO və transatlantik təhlükəsizlik məsələləri üzrə Vaşinqtonda ciddi təsir imkanlarına malik analitiklərdən hesab olunur.
Koffi uzun illər ABŞ-da strateji düşüncə mərkəzlərində fəaliyyət göstərib, NATO xətti üzrə təhlükəsizlik planlamalarında iştirak edib və ABŞ xarici siyasətinin ideoloji konturlarının formalaşmasında rol oynayan fiqurlardan biri kimi tanınır. Onun açıqlamaları bir çox hallarda Vaşinqtondakı real siyasi proseslərin öncədən siqnalı kimi dəyərləndirilir.
Azərbaycan bayrağı və “Hazır olun”: təsadüf, yoxsa planlı mesaj?
Əsas diqqətçəkən məqam Lyuk Koffinin “Hazır olun” mesajını məhz Azərbaycan bayrağı ilə birlikdə paylaşmasıdır. Bu isə bir sıra ciddi suallar doğurur:
ABŞ regionda yeni mərhələyəmi hazırlaşır?
Cənubi Qafqazda strateji dəyişikliklər gözlənilirmi?
Azərbaycan bu prosesdə açar ölkə kimi nəzərdə tutulurmu?
Vaşinqton Bakı ilə bağlı öncədən mesaj verirmi?
Ekspertlərin fikrincə, bu paylaşım ABŞ-ın Cənubi Qafqaz və Orta Asiya istiqamətində yeni geosiyasi konfiqurasiya formalaşdırmaq niyyətinin açıq işarəsi ola bilər.
Mesaj İran və Cənubi Azərbaycanla bağlıdırmı?
Ən çox müzakirə olunan sual isə budur: “Be prepared” çağırışı İranda, xüsusilə Cənubi Azərbaycanda baş verən proseslərlə əlaqəlidirmi?
Son həftələr İranda, o cümlədən Təbriz, Urmiya, Ərdəbil və Zəncan kimi Cənubi Azərbaycan şəhərlərində etirazların artması, sosial gərginliyin dərinləşməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda bu paylaşımın zamanlaması təsadüfi görünmür.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu mesaj regionda baş verə biləcək mümkün proseslərə dair ciddi xəbərdarlıq xarakteri daşıya bilər.
DOĞRU.AZ