AZ

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir - ŞƏRH

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə kədər və faciə ilə deyil, eyni zamanda, qəhrəmanlıq və rəşadət nümunəsi kimi qalmaqdadır. Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisələrini dəyərləndirərkən qeyd etmişdir ki, zaman keçdikcə həmin günlərin Azərbaycan xalqının tarixində tutduğu mühüm yer daha dərindən dərk olunur. Bu gün artıq aydın şəkildə görünür ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının taleyində dönüş mərhələsi, həlledici bir nöqtə olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

“Ulu Öndərin qeyd etdiyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir. Azərbaycan xalqı daim yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirir. 1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqının nümayiş etdirdiyi qətiyyət bunun təsdiqi oldu. Bir daha sübut olundu ki, heç bir qüvvə xalqımızın milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar faciəsinin baş verməsindən ötən 36 il hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyir. Həm ölkə daxilində, həm də ölkə xaricində soydaşlarımızın faciənin ildönümləri ilə əlaqədar keçirdiyi tədbirlərdə bir daha bu reallıq diqqətə çadırılır ki, Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil. Bu, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi”, - deyə deputat qeyd edib.

Malik Həsənov vurğulayıb ki, faciənin ertəsi günü, yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ümummilli Liderin qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi.

Deputat bildirib ki, 20 Yanvar faciəsi xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə, daha da alovlandırdı: “Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri tariximizin qara səhifəsi kimi vərəqlənir. O çətin günlərdə xalq öz xilaskarına üz tutdu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan bütün təhlükələrdən xilas oldu, yeni inkişaf dövrü başladı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi əbədi, dönməz oldu”.

Malik Həsənov qeyd edib ki, Azərbaycan son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara, zəfərlərə imza atır: “Artıq beş ildir ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. 2023-cü ilin sentyabrında isə suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır, bərpa-quruculuq mərhələsini yaşayır. Bütün ərazilərimizdə Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları şaddır. Azərbaycan mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

Seçilən
29
50
azertag.az

10Mənbələr