Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 17-ci turu çərçivəsində keçirilmiş “Damak”la oyunun iştirakçısı olub.
Ronaldonun komandası səfər oyunundan qələbə ilə ayrılıb – 2:1. Portuqal futbolçu bu matçda 90 dəqiqə meydanda olub. Komandasının ikinci qolunu da 50-ci dəqiqədə Kristiano vurub.
Bununla da o, peşəkar karyerasında vurduğu qolların sayını 960-a çatdırıb. Ronaldo milli komandalar, Avropa çempionatları və UEFA Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu və rəsmi matçlarda 960 qola çatan ilk futbolçudur.
“Əl-Nəsr” 17 turdan sonra 37 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Əl-Nəsr”in ehtiyatda təxirə salınmış bir oyunu da var. Turnir cədvəlinə 41 xalla “Əl-Hilal” rəhbərlik edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 20 oyuna 17 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 125 oyun, 110 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.
Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
