Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib.
DİM-dən Publika.az-a bildirilib ki, imtahan elektron formada 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1683 namizəd qeydiyyatdan keçib. Onlardan 1593 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1074 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Bir namizədin üzərində mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.