AZ

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTO

Prezident İlham Əliyev yanvarın 30-da Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Maria K.Papakonstantinusu qəbul edib.

HİT.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə COP29 çərçivəsində ölkədə, ötən ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, həmçinin digər beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb, həmin görüşlər əsnasında ikitərəfli əlaqələrin müxtəlif aspektləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb, bu dialoqun münasibətlərimizin inkişafı üçün çox önəmli olduğunu deyib.

Hər iki ölkənin müxtəlif sahələrdə, o cümlədən bu gün qlobal təhlükəsizlikdə mühüm amil olan enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiklərini deyən Azərbaycan Prezidenti gələcəkdə biznes nümayəndələri arasında daha çox təmasların olacağına, qarşılıqlı investisiya qoyuluşunun həyata keçiriləcəyinə, tərəfdaşlığımızın inkişaf etdirilməsində hər iki ölkənin səfirlərinin vacib rol oynayacaqlarına ümidvarlığını bildirib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Maria K.Papakonstantinus Azərbaycana səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirərək, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Səfir ölkələr arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunub.

Söhbət zamanı siyasət, iqtisadiyyat, energetika, investisiyalar, nəqliyyat, mədəniyyət, incəsənət, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev yanvarın 30-da İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Berlian Helminin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı İndoneziya Prezidenti ilə Davosda və Şarm Əl-Şeyxdə təmaslarını xatırlayıb, onu Azərbaycana rəsmi səfərə dəvət etdiyini bildirib.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) bu qurumun təsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizim üçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdə təşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə edib. Dövlət başçısı bunu Azərbaycana olan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirib.

Ölkələr arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd edib.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Berlian Helmi fəaliyyəti dövründə dövlətlər və xalqlar arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün səylə çalışacağını deyib.

Söhbət zamanı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev yanvarın 30-da Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Norveç arasında ikitərəfli əlaqələrin inkişafının önəminə toxunub.

Əməkdaşlığın enerji sahəsi ilə başladığını deyən Azərbaycan Prezidenti mövcud münasibətlərin genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycana səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən məmnunluğunu ifadə edən Andreas Qaarder diplomatik fəaliyyəti dövründə ölkələr arasında münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb.

Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirirək, Azərbaycanın sülhün gücləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib.

Andreas Qaarder ölkəsinin Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.

Görüşdə həm Azərbaycanın, həm də Norveçin Avropa İttifaqının enerji təchizatçısı olduqları vurğulanaraq, bu xüsusda enerji təhlükəsizliyi məsəsələri müzakirə edilib.

Söhbət zamanı ikitərəfli gündəliyimiz, o cümlədən iqtisadiyyat, ticarət, enerji, həmçinin bərpaolunan enerji, sərmayələr, biznes ələqalərinin qurulması istiqamətlərində əməkdaşlıq, regionda nəqliyyat bağlantılarının qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, COP30 çərçivəsində səmərəli tərəfdaşlıq yüksək qiymətləndirilib.

***

Prezident İlham Əliyev yanvarın 30-da Avstraliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Salli-Ann Vinsentin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı coğrafi baxımdan hər iki ölkənin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi, siyasi əlaqələrin inkişafını məmnunluqla vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir təyin edilməsindən şərəf hissi duyduğunu deyən Salli-Ann Vinsent bir müddət əvvəl Azərbaycanda olduğunu məmnunluqla xatırlayıb, əlaqələrin genişləndirilməsi üçün səylə çalıcağını qeyd edib.

Səfir bir neçə gün əvvəl Avstraliyanın milli bayramı münasibətilə dövlət başçısının Avstraliyanın General-Qubernatoru Samanta Mostinə göndərdiyi məktuba görə minnətdarlığını ifadə edib.

COP29 çərçivəsində Azərbaycanla Avstraliya arasında qurulmuş əməkdaşlıqdan danışan səfir bu tədbirdə ölkəsinin böyük nümayəndə heyəti ilə təmsil olunduğunu xatırlayıb.

O, həmçinin Avstraliya və Türkiyənin COP31 tədbirini keçirməsi məsələsinə toxunaraq, bu xüsusda Azərbaycanın göstərdiyi səylərin yüksək qiymətləndirildiyini bildirib.

Salli-Ann Vinsent bu il Azərbaycanın BMT-nin ən mötəbər tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini vurğulayaraq, Avstraliyanın bu tədbirdə də geniş nümayəndə heyəti ilə təmsil olunacağını deyib.

Görüşdə siyasi, iqtisadi, yaşıl enerji və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşdirilməsi işində mühüm rol oynadığı vurğulanıb.

Gələn il diplomatik münasibətlərin 35-ci ildönümünün qeyd ediləcəyi bildirilib.

Seçilən
20
50
hit.az

10Mənbələr