2025-ci ilin birinci yarısında Bakıda 7549 cinayət hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Bakı şəhər prokurorluğunun məlumatında bildirilir.
Məlumata görə, 2024-cü ilin müvafiq dövründə isə Bakıda 8011 cinayət qeydə alınıb. 2024-cü illə müqayisədə cinayət hadisələrin sayında qismən azalma müşahidə olunsa da, bütövlükdə vəziyyət ürəkaçan deyil.
Qətl hadisələrinin artmasının səbəbi nədir? İnsanların bu dərəcədə qəddarlaşmasının qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, insanlar arasındakı zorakılıq, şiddət və eləcə də qətl hadisələrinin baş verməsinin səbəblərinin kökündə müxtəlif amillər dayanır.
Onun sözlərinə görə, problemin kökü ictimai münasibətlərlə, iqtisadi və ailədaxili problemlərlə, şəxsin doğru formalaşmaması və psixoloji sağlamlığının olmaması ilə bağlıdır:
"Bütün ölkələrin mədəniyyətində istər qəsdən, istərsə də ehtiyatsızlıqdan qətl hadisələri törədilib və buna görə müxtəlif cəzalar tətbiq olunub. Bu gün təəssüf ki, ölkəmizdə də insanlar arasında aqressiya, psixoloji problemlər, qəddarlıq və qətl hadisələri törədilməkdədir. Hesab edirəm ki, ən böyük problemlərindən biri də texnologiya dövründə yaşamağımızdır. Təəssüf ki, sosial şəbəkələrdə sərgilənən dəbdəbəli həyatlar digər insanlarda marağın və həvəsin artmasına səbəb olur. Xüsusilə də gənclər və orta yaşlı insanlar izlədikləri həyat tərzində nüayiş olunan lüks həyata asan yolla nail olmağa meyil edir. Nəticədə təhsil, savad və əziyyət çəkmək kimi dəyərlər itməyə başlayır. Bu, ailə münasibətlərinə təsir etməklə, aqressiya və qəddarlığın artmasına, əxlaq və tərbiyənin itməsinə yol açır".
%20(1).jpg)
Günay Kərimi: Problemin kökü ictimai münasibətlərlə, iqtisadi və ailədaxili problemlərlə bağlıdır
Psixoloqun fikrincə, insanlar daha çox asan və rahat yolla maddi imkan və güc əldə etmək istəyir. Bu isə bir çox dəyərlərin itməsinə, mərhəmət hissinin azalmasına səbəb olur.
"Bundan başqa, uşaq yaşlarında ağır travmatik həyat tərzi yaşayan, şiddət və zorakılıq görən, psixoloji sağlamlığı yerində olmayan insanlarda intiqam almaq hissi olur. Bu insanlar zamanı gəlincə intiqam alırlar və qətl hadisəsi baş verir. Biz cəmiyyət olaraq çalışmalıyıq ki, daha çox insanlarda əxlaqı, tərbiyəni və əqidəni doğru şəkildə formalaşdıraq. Hər birimiz övladlarımızın doğru təfəkkürdə böyüməsi üçün daha çox maarrifləndirməyə üstünlük verməliyik", - deyə müsahibimiz əlavə edib.
G.Kərimi onu da vurğulayıb ki, sağlam ailələrin çox olması ailələrdə böyüyən uşaqların da sağlam psixologiyaya sahib olmasına və cəmiyyətdə xeyirli insanların sayının artmasına yol açır.
Gülşən Şərif