Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Eldar Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Ondan 6 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.
"Cebheinfo.az"