AZ

Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasovla görüşüb.

News365.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar və 2025-ci ilin nəticələrini yüksək qiymətləndirərək onu Türkmənistan-Azərbaycan münasibətləri tarixində yeni, parlaq bir səhifə kimi səciyyələndiriblər.

Qeyd olunub ki, ötən il qarşılıqlı yüksək səviyyəli səfərlər, eləcə də mədəni və humanitar mübadilələrin fəal inkişafı ilə yadda qalıb.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun, həmçinin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsləri sayəsində ikitərəfli münasibətlər qardaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Energetika, nəqliyyat (o cümlədən Orta Dəhliz çərçivəsində), ticarət və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirildiyi qeyd edilib.

Görüşdə həmçinin 2026-cı ildə Türkmənistanda və Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq forumlar, görüşlər və digər tədbirlərlə bağlı bir sıra məsələlər müzakirə olunub.

2026-cı ilin payızında Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü ilə bağlı bildirilib ki, rəsmi Bakının bu formatda ilk dəfə tamhüquqlu iştirakçı kimi təmsil olunması regional əməkdaşlığın və dialoqun daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.

Seçilən
1
50
news365.az

10Mənbələr