Fransanın “Renn” klubunun mərkəz müdafiəçisi Jeremi Jake növbəti mövsümdən “Liverpul”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Qırmızılar” bu transfer üçün Fransa klubuna 63,6 milyon avro ödəyiblər. Tərəflər arasında uzunmüddətli müqavilə imzalansa da, detallar açıqlanmayıb. Amma Jake cari mövsümün sonunadək “Renn”də oynamağa davam edəcək. O, yeni klubuna bu ilin yayında qoşulacaq.
Jake müvafiq keçidini şərh edib. Fransalı müdafiəçi bunları qeyd edib: “Belə bir böyük kluba keçidimə şadam. “Liverpul”a transferimlə böyük qürür duyuram”, deyə Jake vurğulayıb.
Xatırladaq ki, Jeremi Jake “Renn”in öz yetirməsidir. Bir müddət “Klermon”da icarədə də olmuş futbolçu doğma klubunun əsas komandasında 32 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Jake Fransanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
