AZ

Qurban Qurbanov: “Neftçi”dən küsmək fikrimiz yoxdur” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş ilk oyunu Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm. İlk oyunda məğlub olduq. Rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Cavab matçına daha ciddi hazırlaşmalıyıq.

Dumanlı havanın oyuna təsiri təbii ki, oldu. İkinci hissədə demək olar ki, digər tərəfdə heç nəyi görmürdüm. Gözləyirdim ki, nə olacaq, necə olacaq, oyun nə vaxt bitəcək.

Jeremi Nqalini müdafiəçi kimi gətirmişik”.

Qurban Qurbanov “Neftçi”nin Ağdam klubu ilə oyununun təxirə salınmasına razı olmaması barədə söhbətlərə də aydınlıq gətirib:

“Hər hadisəyə normal yanaşıram. Kimin haqlı, kimin haqsız çıxarılacağı mövzu deyil. Biz oyunun təxirə salınması üçün PFL-ə müraciət etdik. “Nyukasl”la oyunların arasında başqa rəqib də ola bilərdi. Məni daha çox narahat edən bazar günü yox, şənbə günü oynamağımızdır. 6 gündə 3 oyun keçirəcəyik. Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi. Biz müraciət etdik, onlar da razılaşmadılar. Reqlamentdə var ki, pley-offda iştirak edən komandalara güzəşt oluna bilər. Olmadı. Burada ciddi bir problem görmürəm. Onların da öz proqramları var. Başa düşürəm. Amma bu vaxta kimi olub. “Neftçi”nin özü ilə oyunun ya yerini dəyişdirmişik, ya təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur. Daha dərindən düşünərək oyunlara hazırlaşmalıyıq.

“Neftçi”dən sadəcə bildirdilər ki, oynamaq istəyirik. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri başa düşmək olar. Bəlkə də onların arasında gedən müzakirədir. 4 gün sonra yenə Şamaxıya gələcəyik. Daha sonra Qubaya gedəcəyik. Yaxşı hazırlıq prosesimiz olmayacaq. Rəqib nə qədər güclü olsa da, sona qədər mübarizə aparmaq istəyirik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
36
9
arena.az

10Mənbələr