AZ

Baş həkim: Dəm qazından zəhərlənən uşaqların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir VİDEO

Naxçıvan, 14 fevral, AZƏRTAC

Fevralın 14-ü saat 09:10 radələrində Təcili Tibbi Yardım Xidmətinin köməyi ilə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili yardım şöbəsinə bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərlənmə şübhəsi ilə daxil olub. Xəstələr 3, 5, 6, 7 və 8 yaşlı uşaqlardır. Onların vəziyyəti daxil olarkən çox ağır qiymətləndirilib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva deyib. O qeyd edib ki, azyaşlılar dərhal Reanimasiya şöbəsinə yerləşdirilib və onlara ilkin tibbi yardım göstərilməyə başlanılıb. Hazırda uşaqların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir və müalicələri Reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir. Uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35–40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan 2 nəfər yetkin yaşlı vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb. Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir.

"İlkin ehtimallara görə hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib. Müalicə tədbirləri davam etdirilir", - deyə mərkəzin baş həkimi əlavə edib.

 

Seçilən
23
8
azertag.az

10Mənbələr