Baş Prokurorluq Hüquqşünas Müşfiq Abbasovun həbsi barədə məlumat yayıb
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 23.02.2026-cı il tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.
***
18.09
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məsuliyyətə cəlb edilənlərdən biri də hüquqşünas, Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasovdur.
APA xəbər verir ki, onunla bağlı Baş Prokurorluğun təqdimatına bu gün Yasamal rayon məhkəməsində baxılıb.
Məhkəmə Müşfiq Abbasovun 15 gün müddətinə inzibati qaydada həbs olunması barədə qərar verib.
Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, Baş Prokurorluğun bu gün yaydığı məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub:
"Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyildir. Ona görə də vətəndaşlarımızı, xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativ davranışlardan uzaq durmağa, internet resurslarından istifadə zamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayət etməyə səsləyirik. Unutmayın ki, hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış və paylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcək".
Qeyd edək ki, Müşfiq Abbasovun həbsi barədə ilk xəbəri "Qafqazinfo" yayıb.