AZ

Ermənistanın labirinti: Paşinyan Moskva dialoqu və Bakı Ankara həqiqəti

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Paşinyanın 1 aprel tarixində Moskvaya səfəri və Vladimir Putinlə görüşü bir daha açıq şəkildə göstərdi ki, İrəvanla Moskva arasındakı münasibətlər dərin böhran içindədir. Görüş zamanı hər iki liderin əsəbi və bəzən sərt replikalara üstünlük verməsi yalnız şəxsi münasibətlərdən deyil, eyni zamanda iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və strateji fikir ayrılıqlarının açıq simvolu idi”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Putin görüşdə Ermənistana göstərilən yardımları və ticarət dövriyyəsini qabardaraq İrəvana xəbərdarlıq etdi:

“Ticarət dövriyyəsi: Rusiya ilə Ermənistan arasında 2025-ci ildə ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib. Bu rəqəm qonşu Azərbaycanla müqayisədə daha yüksəkdir (4,9 milyard dollar). Putin vurğulayıb ki, “bu çox şey deyir”. 

Enerji yardımı: Rusiya Ermənistana qazı hazırkı Avropa qiymətlərindən xeyli aşağı - 1000 kubmetr üçün 177,5 dollara satır, halbuki Avropada qiymət 600 dollardan yuxarıdır. Putin qeyd edib ki, “biz tez-tez enerji qiymətləri və təchizatı ilə bağlı mübahisə edirik, amma bu fərq əhəmiyyətlidir”. 

İxrac potensialı: Ermənistanın AİB ölkələrinə ixracı son illərdə on dəfə artıb, bu isə Moskvanın diqqətini çəkən strateji faktorlardan biridir. 

Bu iqtisadi faktlar yalnız İrəvanın Rusiyaya strateji bağlılığını göstərmək üçün deyil, həm də Moskvanın Ermənistanın Qərbə meyllənməsinə narazılığının simvoludur”.

O əlavə edib ki,  bu eyni zamanda, görüşün konteksti Ermənistanda seçkilər öncəsi daxili gərginliklərlə birbaşa bağlıdır: “Putin açıq şəkildə qeyd edib ki, Rusiya “Ermənistandakı rusiyapərəst siyasi qüvvələrin seçkilərdə iştirakını istərdi” və buna şərait yaradılmasının vacib olduğunu vurğulayıb. Bu, yalnız Paşinyana mesaj deyil, həm də İrəvana xəbərdarlıqdır: Ermənistanın Qərbə meylliliyi və daxili siyasəti Moskva tərəfindən yaxından izlənilir və təsir altındadır.

Onu da qeyd edək ki, Qərb də Ermənistanın daxili işlərinə qarışmaqda fəal rol oynayır. Digər ölkələrdə siyasi proseslərə insan haqları prizmasından yanaşan Qərbin İrəvandakı gərginliyə yumşaq yanaşması, Moskvanın hərəkətlərinə qarşı bir növ balans yaratmaq üçün görünür. Nəticədə Ermənistan Rusiya ilə Qərb arasında soyuq müharibə meydanına çevrilib: Ukraynada qaynar müharibə gedirsə, Ermənistanda soyuq müharibə aparılır.

Bu proseslər fonunda Azərbaycanın müstəqil siyasəti və strateji duruşu daha da önəmli görünür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı bütün güc mərkəzləri ilə balanslı münasibətlər quraraq ölkənin milli maraqlarını qorumaqda davam edir. İrəvan isə anlamağa məcburdur ki: bölgədə söz sahibi artıq Bakı və Ankaradır. Əgər Ermənistan dövlət kimi varlığını qorumaq, regionda inkişafını təmin etmək istəyirsə, Bakı və Ankaranın şərtləri daxilində yekun sülh müqaviləsini imzalamaqdan başqa çıxış yolu yoxdur.

Bu mənada, Paşinyanın Moskvaya səfəri yalnız diplomatik görüş deyil, həm də Ermənistanın geosiyasi labirintindəki mövqeyinin açıq simvolu oldu. Rusiya ilə Qərb arasında gərginlik, daxili siyasi təsirlər və iqtisadi asılılıqlar fonunda İrəvan bir daha anladı: dövlətin inkişafı, beynəlxalq inteqrasiyası və təhlükəsizliyi artıq Bakının və Ankaranın siyasətindən asılıdır. Ermənistanın Qərbə meylliliyi Moskvanın və Qərbin diqqət mərkəzindədir. Amma ölkənin gələcəyi Bakı və Ankaranın şərtlərinə bağlıdır.  Bu dialoq nümayiş etdirdi ki, Ermənistan artıq bölgədə müstəqil siyasi aktor kimi deyil, iki güc mərkəzi arasında tarazlıqda qalan bir ölkə kimi mövqe tutur. Növbəti addımlar isə İrəvanın gələcək siyasi taleyini müəyyən edəcək”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
50
olke.az

10Mənbələr