Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski arasında İstanbulda mühüm görüş baş tutub. Tərəflər regional təhlükəsizlik, energetika sahəsində əməkdaşlıq və davam edən müharibənin dayandırılması yollarını müzakirə ediblər. Görüşün ən diqqətçəkən məqamı isə sülh danışıqlarının yenidən bərpası ilə bağlı olub.
KONKRET.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin yaydığı məlumata görə, Prezident Ərdoğan sülh danışıqlarının İstanbulda keçirilməsini təklif edib və Zelenski bu təklifi müsbət qarşılayıb.
“Ərdoğan sülh danışıqlarını İstanbulda keçirməyi təklif edir, biz gəlməyə hazırıq, liderlər səviyyəsində istənilən formatda görüşə razıyıq. Bizə sülh və danışıqlar lazımdır”, — deyə Zelenski bildirib.
Görüş zamanı həmçinin birgə energetika layihələri, qaz infrastrukturunun inkişafı və qaz yataqlarının birgə istismarı məsələləri də nəzərdən keçirilib. Aprelin 4-də İstanbula rəsmi səfər edən Ukrayna lideri Türkiyəyə ölkəsinin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Səfər çərçivəsində Zelenski həmçinin Patriarx Varfolomey ilə də görüşüb.
Natiq Səlim,
KONKRET.az