AZ

İran Hörmüz boğazını aça bilmir, çünki minaları harada yerləşdirdiyini özü də dəqiq bilmir

SEPAH boğazı xaotik şəkildə minalayıb, partlayıcıların bir hissəsinin yeri isə artıq axınların təsiri ilə dəyişib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, İran Hörmüz boğazında yerləşdirdiyi minaların dəqiq koordinatlarını bilmədiyi üçün bu strateji dəniz yolunu tam şəkildə aça bilmir. Məlumata əsasən, Tehran ötən ay boğazın minalanması üçün kiçik katerlərdən istifadə edib və yalnız rüsum ödəməyə hazır olan gəmilər üçün dar bir təhlükəsiz keçid saxlayıb.

The New York Times iddia edir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazın minalanmasını sistemsiz və xaotik formada həyata keçirib. Bu səbəbdən partlayıcı qurğuların yerləşdirildiyi nöqtələrin dəqiq qeydə alınıb-alınmadığı indi məlum deyil.

Məqalədə bildirilir ki, hətta həmin koordinatlar müəyyən mərhələdə qeydə alınmış olsa belə, minaların bir hissəsi zaman keçdikcə su axınlarının təsiri altında yerini dəyişə bilər. Bu isə boğazda təhlükəsiz hərəkətin bərpasını daha da çətinləşdirir və bölgədə dəniz daşımaları üçün əlavə risk yaradır.

Nəşr əlavə edir ki, Tehranın həmin minaları çıxarmaq üçün zəruri texnologiyaları da yoxdur. Məhz bu amilin ABŞ Prezidenti Donald Trampın gəmilərin maneəsiz keçidi ilə bağlı tələbinin İran tərəfindən operativ şəkildə yerinə yetirilməməsinin əsas səbəblərindən biri olduğu qeyd olunur.

Hörmüz boğazı dünya enerji tədarükü baxımından ən həssas marşrutlardan biri hesab olunur. Bu səbəbdən boğazın minalanması və onun tam açılmaması ilə bağlı iddialar təkcə region ölkələrində deyil, beynəlxalq enerji bazarlarında da ciddi narahatlıq doğurur.

Poliqon.info

Seçilən
27
13
poliqon.info

10Mənbələr