AZ

Azərbaycan Ukrayna: fenomenal diplomatik resurslar

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Azərbaycanda, Qəbələdəydi. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri prezident Zelenskinin Azərbaycana ilk gəlişidir.

Bu, işgüzar səfər idi. 6 sənəd imzalanıb. Prezidentlər mətbuata bəyanatlarında çox mühüm mesajlar veriblər.

Əvvəla, Azərbaycanın müharibə şəraitində olan Ukraynaya humanitar yardımını prezident Zelenski çox yüksək qiymətləndirib. O cümlədən, Ukraynalı uşaqlara göstərilən köməyi, qayğını da xüsusi vurğulayıb.

İkincisi, prezident İlham Əliyev 2008-ci və 2011-ci ildə Kiyevdə və Bakıda imzalanmış strateji tərəfdaşlıq sazişlərini xüsusi qeyd edib. Azərbaycan və Ukrayna strateji tərəfdaşlar olaraq, öz dövlətlərarası münasibətlərinə, öhdəliklərə sadiqdirlər.

Üçüncüsü, Azərbaycanla Ukrayna ticarət dövriyyəsini artırmağı qərara alıblar. Sərmayə qoyuluşu, energetika, hərbi-sənaye kompleksi, təhlükəsizlik kimi mühüm sferalarda tərəfdaşlığı irəlilətməyə iradə göstəriblər. Prezident İlham Əliyev deyib: "Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var".

Dördüncüsü, Ukraynaya qarşı müharibəyə son qoyulması ilə bağlı prezident Zelenski çox mühüm mesaj verib: "Biz... sülh sahəsində səyləri müzakirə etdik. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə".

Azərbaycan daha əvvəl Rusiya ilə Ukrayna arasında danışıqların keçirilməsi üçün şərait yaratmağa hazır olduğunu bildirmişdi. Bu haqda prezident İlham Əliyevin bəyanatları var. Təbii ki, xüsusilə, indiki vaxtda - Yaxın Şərqdə gedən proseslər, İranla müharibə fonunda Ukraynada aparılan hərbi əməliyyatlara diqqət və dəstək azalır. Bu da rəsmi Kiyevi narahat edir. Ukraynanın həyat əhəmiyyətli obyektlərinə, enerji təchizatı sustemlərinə, mülki infrastruktura, yaşayış məntəqələrinə intensiv hücum var. Eyni zamanda Ukrayna da cavab olaraq, Rusiyaya zərbələr endirir. Bu müharibənin uzanması hər iki tərəfə getdikcə daha ağır itkilər yaşadır.

Bu baxımdan Rusiya da razılıq verərsə, Azərbaycanın iki ölkə arasında vasitəçilik etmək imkanları var, danışıqlar üçün platfirma təkkif edib, bunu təmin edə bilər.

Niyə?

Çünki bunun üçün bir neçə əlverişli əsas var:

 Azərbaycan, Rusiya, Ukrayna vaxtilə eyni dövlətin tərkibində olublar, xalqlar birlikdə yaşayıblar, bir-birini yaxşı tanıyırlar, qarşılıqlı yaxınlıq, insani, mədəni əlaqələr bu gün də davam edir. Bu, Azərbaycan üçün vasitəçilik etməyə, Rusiya və Ukrsyna üçün isə rahat danışıqlar aparmağa şərait deməkdir;Azərbaycan həm Rusiya ilə, həm Ukrayna ilə, eləcə də, qlobal oyunçular olan ABŞ, Çin və Avropa İttifaqı ilə, Avropa İttifaqı içərisində mühüm dövlətlərlə, həmçinin Böyük Britaniya ilə çox yaxşı münasibətləri, ABŞ da daxil olmaqla bir çox önəmli aktorlarla stateji tərəfdaşlıqlar qurub. Ayrıca mühüm geopolitik faktor olan Türkiyə ilə isə qardaşlıq münasibətləri var. Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiq olan ölkələrlə də münasibətlər yüksək səviyyədədir. Rusiya və Ukrayna ilə həmsərhəd, qonşu və tərəfdaş olan elə bir ölkə yoxdur ki, Azərbaycan o ölkə ilə dostluq, tərəfdaşlıq etməsin. Rusiya ilə gərgin münasibətlərdə olanlarla da dostluq qurulub, Ukrayna ilə münasibətləri gərgin olanlarla da. Bu isə o deməkdir ki, Azərbaycan hamı ilə rahat danışa bilir və kimsə ilə siyasi və sair problemləri yoxdur. Bu, prezident İlham Əliyevin rəhbərliyi altında onun komandasının fenonenal siyasi bacarığıdır və ölkə üçün də, region və dünya üçün də çox böyük resursdur. Odur ki, Ukraynanın da müharibəyə diplomatik yollarla son qoyulması üçün danışıqların Azərbaycana keçirilməsi təklifi bu diplomatik resursdan sülh üçün istifadə etmək istəyi ilə bağlıdır və təbiidir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol. info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
50
bizimyol.info

10Mənbələr