
Mali Keçid Hökuməti, Müdafiə naziri Sadio Kamaranın silahlı qrupların təşkil etdiyi hücumlar nəticəsində həyatını itirdiyini açıqlayıb.
Xalqcebhesi.az -ın məlumatına görə, Mali Hökumətinin sözçüsü briqada generalı İssa Usman Kulibali bildirib ki, bir neçə gün əvvəl baş verən hücumlarda intiharçı terrorçunun idarə etdiyi avtomobillə Müdafiə naziri Sadio Kamaranın Bamako yaxınlığındakı Kati şəhərində yerləşən iqamətgahı hədəf alınıb.
Kulibali qeyd edib ki, Kamara hücumçularla atışmaya girib və onlardan bəzilərini zərərsizləşdirib, lakin baş verən qarşıdurmada yaralandıqdan sonra aparıldığı xəstəxanada vəfat edib. Kulibali, Keçid Dövrünün Prezidenti Assimi Qoita başda olmaqla, hökumətin və Mali xalqının Kamaranın ailəsinə, eləcə də hücumlarda həyatını itirən bütün mülki və hərbi qurbanların yaxınlarına başsağlığı verdiyini çatdırıb.
Kamaranın ölümü ilə əlaqədar bu gündən etibarən ölkə daxilində 2 günlük milli matəm elan edilib.
Məryəm Quliyeva