AZ

Makron Yunanıstanı “intihar ssenarisi”nə yönəldir: Fransa Türkiyəyə qarşı “savaş bataqlığı” planı qurur

ABŞ və Fransanın dəstəyindən cəsarətlənən Yunanıstan vaxtilə imzalanmış sazişləri kobud şəkildə pozaraq, Türkiyə sərhədlərinə yaxın adalarda yenidən hərbi qüvvə cəmləşdirməyə başlayıb... Rəsmi Ankaranın hərbi-siyasi iradəsinə qarşı Fransanın qurmağa çalışdığı səhnəarxası koalisiya məhz güclü Türkiyə ilə qarşı-qarşıya gəlməyin doğura biləcəyi nəticələri də əvvəlcədən hesablamağa məcburdur...

Əvvəlcə Ukrayna savaşı, ardınca isə Yaxın Şərqdəki hərbi böhran qlobal təhlükəsizlik sistemini demək olar ki, dağıtmış kimi görünür. Belə ki, Ukrayna savaşına qədər mövcud olmuş beynəlxalq hüquq normaları və qlobal toxunulmazlıq sistemi artıq qətiyyən keçərli deyil. Hər halda, həm Rusiyanın, həm də ABŞ-ın son aqressiv davranışları güclü dövlətlərin daha zəif rəqiblərinə qarşı radikal addımlar atması baxımından, artıq ciddi prisident rolunu oynayır. Və bunun daha neqativ, həm də olduqca dağıdıcı nəticələri böyük ehtimalla yaxın gələcəkdə qabarıq şəkildə ortaya çıxmağa başlayacaq.

Onu da qeyd etmək lazımdır ki, müasir dünya artıq “zəncirvari regional münaqişələr” dönəminə keçid edib. Belə ki, vaxtilə “dondurulmuş” hesab edilən bəzi “münaqişə ocaqları”nda yenidən aktivləşmə müşahidə olunur. Eyni zamanda, həmin münaqişələr “zəncirvari proses”lə digər regionlara da sıçramağa başlayıb. Və bu baxımdan, yaxın gələcəkdə hətta qlobalmiqyaslı savaş olmasa belə, müasir dünyanı çoxsaylı regional münaqişə dalğası bürüyə bilər.

Image2026-01-16 

Məsələ ondadır ki, dünyanın bəzi keçmiş hegemon dövlətləri öz mövqelərini yenidən bərpa etmək üçün öz əsas qlobal rəqiblərinin “savaş bataqlığı”na sürüklənməsi üçün yeni məkrli planlar qurmağa çalışırlar. Onların sırasında qlobal qlobal riyakarlıq prinsiplərinin əsas daşıyıcı dövlətlərindən biri olan Fransa ön planda yer alır. İndi rəsmi Paris Avropa məkanında şəriksiz liderlik planları qurur. Ancaq ABŞ-ın “qoca qitə”ni Rusiya qarşısında müdafiəsiz buraxması bir tərəfdən, Fransanın maraqlarına uyğun olsa da, digər tərəfdən, rəsmi Fransa üçün əlavə problemlər yaradır. Və bu prosesdə hərbi-siyasi faktorlar hazırda Fransa üçün əlverişsiz məzmun daşıyır.       

Maraqldır ki, hazırda Fransa da daxil olmaqla, heç bir Avropa ölkəsi Rusiyanın hərbi potensialı qarşısında təkbaşına duruş gətirmək imkanında deyil. Bəzi Qərb ekspertlərinin qənaətinə görə, hətta “qoca qitə” ölkələrinin ümumi hərbi potensialı belə, Rusiya ilə savaşda qələbə şansları vəd etmir. Ona görə də, indi əksər Qərb ölkələri, öz hərbi potensialına görə NATO-nun ABŞ-dan sonra ikinci ölkəsi olan Türkiyənin Avropa üçün yenidən formalaşdırılmasına cəhd göstərilən təhlükəsizlik arxitekturasında həlledici iştirak payının ayrılmasının vacibliyini qabardırlar. Və bu, Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdən Fransanın strateji maraqlarına qətiyyən cavab vermir.

Bu səbəbdən də, Fransa hazırda Avropa məkanının təhlükəsizliyindən daha çox Türkiyənin hansısa yolla “savaş bataqlığı”na sürüklənməsinə cəhd göstərir. Yəni, Fransa üçün Türkiyənin Yaxın Şərq savaşına cəlb olunması və ya münasibətləri korlanmış hansısa qonşusu ilə savaşa məcbur buraxılması daha sərfəli variant hesab olunur. Və son baş verənlər onu göstərir ki, rəsmi Paris belə bir variantın reallaşdırılması baxımından, Türkiyə ilə qarşılıqlı münasibətlərində ciddi ziddiyyətlər olan Yunanıstanı ön plana çəkməyə çalışır.

dcc8ecd3-df12-43e0-b2d9-9c94071a2bba.jpg 

Onu da qeyd etmək lazımdır ki, son illərdə Yunanıstanın sürətlə silahlandırılmasında ABŞ ilə yanaşı, Fransanın da xüsusi rolu var. Rəsmi Paris həm Yunanıstanı, həm də yunan Kiprini Türkiyəyə qarşı hərbi cəhətdən gücləndirməyə çalışır. Ona görə də, ABŞ və Fransanın dəstəyindən cəsarətlənən Yunanıstan vaxtilə imzalanmış sazişləri kobud şəkildə pozaraq, Türkiyə sərhədlərinə yaxın adalarda hərbi qüvvə cəmləşdirməyə başlayıb. Və bu, Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid etdiyinə görə rəsmi Ankaranın sərt reaksiyasına yol açır.  

Nəticədə son illərdə Türkiyə və Yunanıstan arasında hərbi-siyasi gərginlik təhlükəli həddə qədər dərinləşib. Bu önəmli faktordan isə hazırda Fransa nəyin bahasına olursa-olsun, istifadə etməyə can atır. Belə ki, Fransa prezidenti Emmanuel Makron növbəti dəfə rəsmi Afinanı cəsarətləndirmək niyyətinə düşüb. O, bildirib ki, əgər, Türkiyə ilə mümkün münaqişənin baş verməsi qaçılmaz olarsa, Fransa mütləq Yunanıstana genişmiqyaslı hərbi dəstək verəcək. Və bu, regionda gərginliyin artmaqda olduğunu, eləcə də Şərqi Aralıq dənizi ətrafında hərbi-siyasi qarşıdurmanın getdikcə daha ciddi xarakter alması üçün kənar müdaxilənin gücləndiyini göstərir.

Ancaq əslində, Fransa Yunanıstana dəstək vermək niyyətində olan yeganə ölkə deyil. Belə ki, tədricən Türkiyənin ətrafında onun güclənməsinə əngəl törətməyə hazır olan ölkələrin yeni qruplaşması formalaşmağa başlayıb. Çünki istər Aralıq dənizində, istər Cənubi Qafqazda, istərsə də müdafiə sahəsində rəsmi Ankaranın mövqeyinin güclənməsi Fransa da daxil olmaqla, bəzi Qərb dövlətlərində ciddi narahatlıq doğurur.

fd9e7617-ae8f-4845-9048-36c1d9129f00.jpg 

Təbii ki, bütün bunlar onu gəstərir ki, Türkiyə artıq güclü və müstəqil oyunçuya çevrilib. Ona görə də, qlobal proseslərə münasibətdə rəsmi Ankaranın mövqeyini nəzərə almamaq mümkün deyil. Yəni, hər hansı bir ölkəyə qarşı eyni anda bir neçə dövlətin birləşməsi onun zəifliyindən deyil, əksinə, gücünün ciddi şəkildə artmasından xəbər verir. Bu baxımdan, Türkiyə nə qədər güclənirsə, onun təsirini məhdudlaşdırmaq istəyənlərin sayı da buna paralel olaraq, artır. Və bu, o deməkdir ki, rəsmi Ankaranın hərbi-siyasi iradəsinə qarşı Fransanın qurmağa çalışdığı səhnəarxası koalisiya məhz güclü Türkiyə ilə qarşı-qarşıya gəlməyin doğura biləcəyi nəticələri əvvəlcədən hesablamağa da məcburdur.

Göründüyü kimi, son vaxtlar nüfuzu və gücü sürətlə artan Türkiyənin əleyhinə yenidən rəqibləri birləşməyə başlayıblar. Bu proses isə ilk növbədə Fransa tərəfindən yönləndirilir. Rəsmi Paris Türkiyəni Fransanın qlobal məkanda öz mövqelərini bərpa etmək cəhdləri qarşısında əsas əngəl olaraq, görür. Türkiyənin yüksəlişini bloklamaq üçün isə Yunanıstanın önə verilməsinə cəhdlər göstərilir. Və rəsmi Ankaranın hələlik maksimum səviyyədə təmkinli davranması Türkiyənin “savaş bataqlığı”na salınmasına yönəlik planları boşa çıxarır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
64
21
musavat.com

10Mənbələr