"ABŞ və İran arasında davam etməkdə olan münaqişə, qeyri-müəyyən müddətlik “dondurulmuş mərhələyə” keçib. İslamabad danışıqlarının birinci raundunun uğursuz nəticələnməsindən sonra hər kəsi maraqlandıran əsas sual bu idi: bu atəşkəs nə qədər davam edəcək və tərəflər arasında danışıqlar prosesi bundan sonra hansı formada inkişaf edəcək?
Hal-hazırkı mövcud vəziyyət onu göstərir ki, İran bu danışıqların aparılmasına maraqlı deyil. Çünki mövcud status-kvo vəziyyəti İranı qane edir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.
Onun sözlərinə görə, İran uzun müddət ABŞ və İsrail hərbi qüvvələri tərəfindən ciddi hücumlara məruz qalıb və bu hücumlar böyük infrastruktur dağıntılarına səbəb olub, indi isə İranın bu infrastrukturu bərpa etmək imkanı var:
"Mövcud fasilə İran üçün həmin boşluqları doldurmaq və idarəetməni gücləndirmək imkanı yaradır. Bu baxımdan prosesin dondurulması İran üçün çox əlverişlidir. ABŞ baxımından isə vəziyyət fərqlidir. ABŞ atəşkəsdən və İslamabad danışıqlarının uğursuzluğundan sonra Hörmüz boğazını blokadaya aldığını elan etdi. Lakin faktiki olaraq bu blokada tam effekt vermir, çünki İran yenə də öz ticarət gəmilərini oradan keçirə bilir. Beləliklə, İran coğrafi üstünlüklərindən istifadə etməkdə davam edir ki, bu da ABŞ üçün əlavə çətinlik yaradır".

Politoloq əlavə etdi ki, ABŞ münaqişənin diplomatik yollarla həllinə və yekun razılaşmanın əldə olunmasına daha çox maraq göstərir:
"Xüsusilə Donald Tramp tərəfindən İrana dəfələrlə vaxt verilməsi və bu müddətin qısa zaman ərzində nəticələndirilməsi tələbi bunu göstərir. Son olaraq Trampın İrana danışıqlara qayıtmaq üçün verdiyi müddət 3 gün idi və bu müddət bu gün tamamlanır. Tramp bildirmişdi ki, əgər İran bu müddətdə danışıqları bərpa etməzsə, onun neft infrastrukturu ciddi hücumlara məruz qala bilər.
Eyni zamanda dünya mediyasında yayılan məlumatlara görə, ABŞ mümkün hərbi əməliyyatlara hazırlaşır. İranın xüsusilə İslamabad danışıqları çərçivəsində Qalibafı öz vəzifəsindən uzaqlaşdırması, ABŞ-yə qarşı kəskin mövqeyin növbəti ifadəsi idi. Faktiki olaraq, SEPAH-ın ciddi təsiri altında olan idarəetmədə ABŞ ilə diplomatik “yumşalma” olması gözlənilən deyil".
Müsahibimizin fikrincə, bundan sonrakı proses iki əsas ssenari üzrə inkişaf edə bilər:
"Birincisi, verilən müddətin bitməsi ilə hərbi əməliyyatların yenidən başlanması və münaqişənin yenidən eskalasiyası, ikincisi, Donald Trampın yenidən diplomatik vasitələrdən istifadə etməsi, yəni ABŞ-nin diplomatik yolu yenidən sınaması və İrana əlavə vaxt verməsi. Belə olan halda İran əlavə vaxt qazanaraq öz müdafiə imkanlarını gücləndirə və mümkün hücumlara daha hazırlıqlı ola bilər".
Xədicə BAXIŞLI