Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
Bu barədə Publika.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.