ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əfsanələr təkcə dildən-dilə gəzmir ki.
Onları bəzən görmək, eşitmək, yaxından sevmək də olur.
Misali və cəmali göyçək Aygün Kazımovatək.
Səsi Xəzərin sahilə pıçıldadığı sirr kimi,
baxışı payızdan çıxıb bahara çatan yol kimi,
duruşu qürub çağı al şəfəqin
səmaya son dəfə yazdığı nəğmə kimidir Aygün.
Adında dünyanın ən gözəl iki nəsnəsini-“Ay”və “Gün”-ü gəzdirən, həm ay olan, həm gün olan, gül kimi Aygün.
O, adi bir gözəllik deyil, zamanın öz əliylə biçdiyi zərif əfsanə libasıdır.
Nağıldır Aygün.
Onu ay da qısqanır, gün də qısqanır.
Ay utanıb qızarır, gün utanıb bozarır.
Məhz onadək Azərbaycan səhnəsi quru bir tribuna idi. O gəldi, o oxudu, o güldü və dünya böyük bir səhnəyə çevrildi, bu cahan seyrinə çıxdı onun.
O, səhnədə dayananda səs təkcə eşidilmir,
həm də çiçəklənir.
Elə bil Tanrı bir anlıq ilhamını insan surətinə köçürüb, ulduzların nəfəsini, dənizin mavisini, baharın ilk çiçəyini
bir bədənə yığıb, adını da Aygün qoyub.
O, doğrudan da səhnəmizin divasıdır.
O yeriyəndə zaman da asta addımlayır,
külək istiqamətini unudur, çiçəklər boynunu ona sarı əyir.
Bəs niyə əsir zalım külək? Əsmirmi toxunsun Aygünün saçlarına?
Çiçəklər özünü ona göstərmək üçün açılmırmı məgər?
Şeh nə üçün düşür bir yaz səhəri?
Bəli, o Aygün Kazımovadır. Adı da, özü də nəğmə, səsi, sözü alov, gözləri qışın oğlan çağını yaz edən bir möcüzə.
Əslində, niyəmi var gecələr?
Çünki gecələr ay çıxmaq üçün onun çöhrəsindən işıq dilənir,
gün onun nurundan köz alır.
Bəs ulduzlar?
Ulduzlar onun göy üzündəki sevənləridir.
Sanasan, o danışanda sözlər dodaqlarından çıxmır, qədim bir şəhərin dar küçələrindən gəlir.
Və necəmi açılır səhər?
Son ulduz da son dəfə baxır ona, öləziyir, işığını təslim edərək gedir.
Beləcə, bu dünyada hər gün bir Aygün oyanır.
Pozulur gecənin bakirəliyi, oyanır təbiət, oyanır kainat.
Bəs görəsən, dünya bilirmi içində kim yaşayır, burada bir Aygün Kazımova var?
Orxan Saffari
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.