AZ

Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu keçirilir

Bakıda “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçirilir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, regionun kənd təsərrüfatı və qida sənayesi üzrə sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgilərə təşkilati dəstək göstərir. Nazirlik həmçinin sərgilərdə öz stendi ilə iştirak edərək aqrar sektorun inkişafına yönəlmiş layihələr, innovativ yanaşmalar və dövlət dəstəyi mexanizmləri barədə ziyarətçilərə geniş məlumat təqdim edir.

Eyni zamanda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

İndiyədək sərgilərdə iştirakını dünyanın 45 ölkəsindən 447 şirkət təsdiq edib. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxstan, Rusiya Federasiyası, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.

Eyni zamanda sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər. AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edəcək və bu stenddə aşağıdakı ölkələrdən olan şirkətlər təmsil olunacaq: Benin Respublikası, Cənubi Sudan Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, Fil Dişi Sahili Respublikası, Kamerun Respublikası, Nigeriya Federativ Respublikası, Qana Respublikası, Seneqal Respublikası, Somali Federativ Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Zambiya Respublikası. Qeyd etmək lazımdır ki, AFAZ və Braziliya bu sərgilərə ilk dəfə qatılır.

Sərgilərdə tətbiq olunan yeniliklərdən biri də odur ki, 2026-cı ildə “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda cəmləşəcək. Beləliklə, qida sənayesini təmsil edən bütün yerli və xarici şirkətlər öz məhsullarını məhz bu pavilyonda ziyarətçilərə təqdim edəcəklər. Bu yanaşma ziyarətçilərin sərgi daxilində vaxtına qənaət etməsinə və qida sektoruna aid bütün yenilikləri vahid bir məkanda, daha rahat şəkildə izləməsinə imkan yaradır.

Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla “Caspian Agro Week” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir.

Eyni zamanda sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alır.

“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.

İlk dəfə olaraq “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri zamanı “Hosted Buyer” (Alıcı Missiyası) proqramı təşkil olunacaq. Bu proqram sərgiyə qatılan ziyarətçi-alıcılar üçün maksimum effektiv
və rahat iş şəraitinin yaradılması məqsədilə həyata keçirilir. “Hosted Buyer” çərçivəsində sərgilərə Rusiyanın “Lenta”, “Samokat”, “Fresh market” hipermarketləri və digər şirkətlər qatılacaq.

“Caspian Agro Week” və “InterFood Azerbaijan”ın tədbirlər proqramı “Caspian Agro Week” və “InterFood Azerbaijan” çərçivəsində 4 gün ərzində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunacaq. Proqrama beynəlxalq forumlar, panel müzakirələr, sahə üzrə təqdimatlar və master-klasslar, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.

Sərgilərin təqdimat zonasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bir sıra forumlar keçiriləcəkdir: 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, Risklərə Qarşı Aqrar Sığortanın Gücü Forumu, Dövlət–özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu, "AGROSCIENCE" Forumu. Daha bir tədbir isə sərgilər çərçivəsində “Baku Marriott Hotel Boulevard” hotelində baş tutacaq 5-ci Aqrobiznesin İnkişafı Forumudur.

Bakı Ekspo Mərkəzin təqdimat zonasında sərgi günlərində “Food & Agro Talks” adlı sahə üzrə təqdimatlar və master-klasslar təşkil ediləcək. Burada aqrar və qida sənayesinin aparıcı mütəxəssisləri, istehsalçılar və sahə nümayəndələri aktual mövzular ətrafında çıxışlar edəcək, real təcrübə və biliklərini bölüşəcəklər. “Food & Agro Talks” çərçivəsində “Azərbaycanda aqrobiznesin inkişafı və dəstək proqramları: kiçik təsərrüfatlardan böyük aqrokorporasiyalara qədər”, “Fermalar və su: Davamlı su təchizatı və effektivlik”, “Azərbaycanın qida sənayesində tendensiyalar və innovasiyalar”, “Fermerlər üçün maliyyə həlləri”, “Ekoloji yönümlü kənd təsərrüfatı və qida təhlükəsizliyi: müasir yanaşmalar və həllər” adlı panel sessiyaları və "CEO kimi düşün" interaktiv keys sessiyası keçiriləcək.

Sərgilər çərçivəsində, həmçinin “WomenSpace: Qida, ünsiyyət, mentorluq” adlı tədbir və Şokolad art-instalyasiyaları sərgisi təşkil ediləcək.

“InterFood Azerbaijan” sərgisi çərçivəsində iştirakçılar və dəvət olunmuş şirkətlər üçün “Retail Center – Ticarət şəbəkələrinin görüş mərkəzi” fəaliyyət göstərəcək. Sərginin 2-ci günü çalışacaq bu mərkəzdə qida sənayesi istehsalçıları və iri pərakəndə ticarət şəbəkələrinin nümayəndələri arasında məqsədyönlü işgüzar görüşlər təşkil olunacaq. Bu platforma iştirakçılara məhsullarını birbaşa potensial alıcılara təqdim etmək, yeni satış kanalları qurmaq və əməkdaşlıq imkanlarını genişləndirmək imkanı yaradacaq. (Trend)

Seçilən
11
50
fed.az

10Mənbələr