AZ

Bakıda hansı biznes tutur, hansı batır? AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bakı şəhərində biznes mühiti dinamik şəkildə dəyişir, yeni trendlər formalaşır və bazarda güclü rəqabət yaranır. Bəzi sahələr sürətli inkişaf edərək sahibkarlar üçün cəlbedici qazanc imkanları yaratsa da, digər istiqamətlər bu tempə uyğunlaşa bilmədiyi üçün tədricən sıradan çıxır. Paytaxtda iqtisadi aktivliyin artması, texnologiyaların inkişafı və istehlakçı davranışlarının dəyişməsi biznes sektorunda yeni prioritetləri ön plana çıxarır. Bu proses fonunda innovativ yanaşma sərgiləyən və bazarın tələblərinə uyğunlaşan sahələr irəli çıxır, ənənəvi biznes modelləri isə əvvəlki mövqelərini itirir.İnsan Resursları üzrə konsultant, biznes məsələləri üzrə ekspert İlkin Mirzəzadə Demokrat.az-a açıqlamasında deyib ki, Bakıda son illərdə biznes mühiti sürətlə dəyişib:“Xüsusilə pandemiya dövründə bəzi sahələrdə qeyri-adi artım müşahidə olundu. Məsələn, karqo şirkətləri, onlayn çatdırılma platformaları və taksi xidmətləri bu dövrdə ciddi şəkildə genişləndi və bazarın sürətlə böyüməsinə səbəb oldu. Lakin zaman keçdikcə, təxminən bir-iki il ərzində real bazar şərtləri öz təsirini göstərdi və bəzi iştirakçılar rəqabətə tab gətirməyərək bazardan çəkildilər. Eyni dinamika restoran sektorunda da müşahidə olundu. Son illərdə restoranların sayı əhəmiyyətli dərəcədə artsa da, paralel olaraq fəaliyyətini dayandıran və uğur qazana bilməyən restoranların da sayı kifayət qədər oldu. Bu isə bazarın həm genişləndiyini, həm də rəqabətin sərtləşdiyini göstərir. Bakı biznes mühitində xidmət və qida sektoru hər zaman aktual və tələb olunan sahələr olaraq qalacaq”. O bildirib ki, xüsusilə ixtisaslaşmış biznes modelləri daha dayanıqlı perspektivə malikdir:“Məsələn, ümumi konseptli restoranlar ilə müqayisədə konkret bir istiqamət üzrə ixtisaslaşmış, kiçik butik tipli və ya spesifik məhsul təqdim edən müəssisələr daha sabit müştəri bazası formalaşdıra bilir. Son illərdə isə yarımfabrikat məhsullar, dondurulmuş və hazır qidaların çatdırılması kimi sahələr də sürətlə inkişaf edir. Bunun əsas səbəbi əhalinin artımı, şəhərləşmə və işləyən insanların sayının çoxalmasıdır. Bu sahələr nisbətən az kapital tələb etdiyinə görə biznesə başlamaq baxımından daha əlverişli hesab olunur. Bu istiqamətlərə investisiya qoymaqla həm bazara daxil olmaq, həm də müəyyən müştəri kütləsinə qısa zamanda çatmaq mümkündür”.İlkin Mirzəzadə qeyd edib ki, konkret istiqamət üzrə ixtisaslaşan biznes modelləri daha dözümlüdür. Böyük və ümumi konseptli restoranlar müştəri itirdiyi halda, kiçik butik tipli və spesifik məhsul satan yerlər sabit kütlə toplaya bilir. Paytaxtda hazırda yarımfabrikatlar, dondurulmuş və hazır qidaların çatdırılması sektoru ən perspektivli sahələrdən sayılır. Şəhərləşmə və iş yükünün artması insanları bu xidmətlərə yönəldir. Az kapitalla bu sahədə qısa zamanda böyük müştəri bazasına çıxmaq mümkündür.Yəni, Bakıda artıq böyük və çoxsahəli obyektlər deyil, daha çox konkret ehtiyaca yönəlmiş kiçik və sürətli xidmət göstərən bizneslər daha çox qazanır.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
26
demokrat.az

10Mənbələr