"Pakistan və körfəz ölkələri Hörmüzdə gərginliyin artdığını, İranın təkcə ABŞ gəmilərinə deyil, həm də digər yük gəmilərinə zərbələr endirdiyini, eləcə də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Fuceyra limanını vurduğunu görürdülər və bununla bağlı ABŞ Prezidenti Donald Trampa "Azadlıq layihəsi"ni durdurmağı söylədilər. Hücum edilən Fuceyra limanı vacibdir, çünki bu BƏƏ-də Fars körfəzindən kənarda yerləşən və Hind okeanına, Ərəb dənizinə baxan yeganə neft terminalıdır. Trampın bu məsləhəti qəbul etdiyini və komandası ilə birlikdə zorakılığın artma ehtimalını qiymətləndirdiyini düşünürəm".
Bunu Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza səsləndirdi.
Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazından keçən gəmiləri qorumaq üçün real planı yox idi:
"Tramp administrasiyasının açıqlamalarına görə, “Azadlıq layihəsi”nin məqsədi gəmiləri müşayiət etmək deyil, onları istiqamətləndirmək idi. Yəni ABŞ gəmilərə “bu tərəf təhlükəsizdir, o tərəf isə təhlükəsiz deyil” deyə bilər, amma onları fiziki olaraq qorumaq öhdəliyi yoxdur. Bu baxımdan Trampın əməliyyatı dayandırması ehtiyatlı və ağıllı seçim olub. Hazırda Tramp əməliyyatı dayandırmasının əsas səbəbini İranla danışıqlarda əldə olunmuş irəliləyişlə izah edir. ABŞ 14 bəndlik plan hazırlayıb və Pakistan vasitəsilə İran tərəfinə təqdim edib. Hələlik bu planın İranın əvvəllər təqdim etdiyi 14 bəndlə oxşar, eyni və ya tamamilə fərqli olub-olmadığı məlum deyil. Amma bu addım, yəni ABŞ tərəfindən hazırlanmış 14 bəndin İran tərəfindən nəzərdən keçirilməsi, müsbət irəliləyiş kimi qiymətləndirilir. Təcrübəmdən bilirəm ki, danışıqlar prosesində əvvəlcə əsas prinsiplər üzrə razılığa gəlmək vacibdir, daha sonra isə detallı mərhələlərdə yekun sülh sazişi əldə olunur".
Müsahibimizin sözlərinə görə, ABŞ və İran arasında sülh sazişi Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutmalıdır:
"Bu həm ABŞ-nin, həm də İranın tətbiq etdiyi blokadaların ləğvini ehtiva edir. ABŞ-nin baxış bucağından bu, İranın uranın zənginləşdirilməsinə müəyyən məhdudiyyət qoyulmasını, İranın baxış bucağından isə ABŞ-nin İrana qarşı sanksiyaların ləğvini və təhlükəsizlik zəmanətini nəzərdə tutmalıdır. Ehtimal ki, ABŞ həmçinin İranın raket proqramına və Yəməndəki Husilər, Livandakı Hizbullah, Qəzza/İsraildəki HƏMAS kimi təşkilatlara dəstəyi məhdudlaşdırmağı tələb edəcək".
Xədicə BAXIŞLI