Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib..
Poliqon xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı Günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib.
Bu çərçivədə “AzərEnerji” tərəfindən Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün “Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür.
Yarımstansiya müasir rəqəmsal sistemlər, açıq və qapalı, həmçinin idarəetmə qurğuları, Rəqəmsal İdarəetmə Mərkəzi ilə təchiz edilib. Mərkəzdə məsafədən idarəetməni təmin edən mikro-SCADA dispetçer sistemi qurulub, mərkəzi SCADA sisteminə inteqrasiya olunub.
Yarımstansiyada çalışan işçi heyət əsasən yeni məskunlaşmış yerli əhali arasından seçilib və onlar müvafiq təlimlərdən sonra işə cəlb ediliblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə “AzərEnerji” tərəfindən tikilən bütün enerji obyektlərində yerli kadrların işlə təmin olunmasına xüsusi önəm verilir.
“Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün həyata keçirilən layihənin əsas məqsədi dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək, yaşıl enerjinin payını artırmaq və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdir.
Bu irihəcmli yaşıl enerjinin ötürülməsi layihəsi paralel şəkildə davam etdirilib. Belə ki, Səngəçal Terminalının yaşıl enerji ilə təchizatı məqsədilə yeni 220 kilovoltluq yarımstansiya tikilib və işlər artıq yekunlaşıb. Bu yenilik nəticəsində terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq və Cəbrayılda Günəşdən əldə olunan enerji ümumi enerjisistemə, oradan isə balanslaşdırılmış şəkildə həm də Səngəçal terminalına yönləndiriləcək. Səngəçal terminalında təbii qazla işləyən 140 MVt gücündə modul tipli elektrik stansiyasının fəaliyyəti dayandırılmaqla, terminalın illik tələbatının 500 milyon kVts-nın bərpaolunan enerji hesabına qarşılanması ilə illik 120-150 milyon kubmetrdən artıq təbii qaza qənaət ediləcək. Bu da bp şirkətinin Xəzər regionunda əməliyyat tullantılarının CO2 emissiyasının illik 260-330 min ton azaldılmasına töhfə verəcək.
Dövlətimizin başçısına son dövrlərdə yaşıl enerji ilə ənənəvi enerjinin paralel inkişafı barədə də məlumat verildi.
Bildirildi ki, enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi konkret nəticələr verməyə başlayıb. Bu dinamika xüsusilə bolsulu, günəşli və küləkli günlərin səmərəli olduğu aprel və may aylarında daha aydın hiss edilib. Belə ki, müxtəlif günlərin müəyyən saatlarında ölkə üzrə elektrik enerjisi istehlakının 36-41 faizi məhz yaşıl enerji hesabına təmin olunub.
Məsələn, aprelin 20-də ümumilikdə 64,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 36,5 faizi bərpaolunan mənbələrin payına düşüb. Həmin enerjinin 15,9 milyon kilovat-saatı isə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə Günəş və külək stansiyalarında istehsal olunub. İcra edilmiş tədbirlər hesabına enerjisistemdə bəzi saatlarda yaşıl enerjinin payı 41 faizə çatır.
***
Dövlət başçısı İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.
Poliqon.info