Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə telefonla zəng edib.
Aznews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib.
Məlumata görə, telefon danışığı zamanı hər iki lider Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq və strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər.
Tərəflər enerji, ticarət və xalqlar arasında əlaqələr daxil olmaqla bir sıra əsas sahələrdə əməkdaşlığın davamlı şəkildə genişlənməsini məmnunluqla qeyd ediblər.
Pakistan Baş naziri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bu qlobal tədbirə ev sahibliyinin dünya şəhərsalma gündəliyinin inkişafına mühüm töhfə verdiyini bildirib.
Prezident İlham Əliyev isə forumla bağlı göstərilən diqqətə görə təşəkkür edib və WUF13-ün beynəlxalq şəhərsalma məsələlərinin müzakirəsi üçün vacib platforma olduğunu qeyd edib.
Məhəmməd Şahbaz Şərif tədbirdə şəxsi iştirakının mümkün olmadığını, lakin Pakistanın forumda yüksək səviyyədə təmsil olunmasını təmin etdiyini diqqətə çatdırıb.