373 kq-dan artıq narkotik vasitəni ölkəyə qaçaqmalçılıq yolu ilə keçirmək istəyən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmiş İran İslam Respublikasının 3 vətəndaşı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində tamamlanıb.
İstintaqla Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlunun (Ghanghermeh Omid Chaljeh) satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar zamanı müəyyən olunub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 45 kq-dan artıq qurudulmuş, eləcə də 328 kq-dan artıq qurudulmamış marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib “Layner” tipli mühərrikli qayıq vasitəsilə Xəzər dənizinin Azərbaycan Respublikasına aid bölməsi üzrə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiriblər.