AZ

“Referens” klinikasının direktoru arvadını niyə güllələyib?

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işinin bəzi təfərrüatları məlum olub.

"Yeni Sabah" pravda.az-an istinadla xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, təqsirləndirilən şəxs həyat yoldaşını qısqanclıq zəminində onu odlu silahla yaralayıb. Sezar pizza

Vasif Kərimov 2025-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının qarajında arvadı F.Kərimova ilə aralarında baş verən mübahisə zamanı qəsdən öldürmək niyyəti ilə hərəkət edib.

Hadisə zamanı o, əvvəllər ovçuluq fəaliyyəti üçün saxladığı, rəsmi icazəli 12 kalibrli “Huğlu-Renova” markalı yivsiz odlu ov silahından istifadə edərək yaxın məsafədən bir neçə dəfə atəş açıb. Nəticədə zərərçəkmiş şəxs qarın boşluğundan ağır güllə yaraları alıb, daxili orqanların zədələnməsi və kəskin daxili qanaxma ilə müşayiət olunan həyati təhlükəli xəsarətlər baş verib.

İttihamda qeyd olunur ki, Vasif Kərimov əməlini davam etdirmək niyyətində olsa da, silahda patronların tükənməsi və arvadının vaxtında tibbi yardıma çatdırılması səbəbindən cinayət əməlini başa çatdıra bilməyib və bu səbəbdən əməl qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Materiallara əsasən, ailə münaqişəsi bir müddət əvvəl başlayıb. Mübahisələr davamlı xarakter alıb.

İttihama görə, hadisə günü tərəflər Xızı rayonuna gedərkən geri qayıtmaq məcburiyyətində qalıb və Yasamal rayonunda yerləşən qarajda mübahisə yenidən alovlanıb. Bu zaman qadın boşanma, ayrılıq və uşaqların himayəsi ilə bağlı məsələlər qaldırıb. Təqsirləndirilən şəxs isə həmin anda emosional vəziyyətini itirdiyini və silahı qorxutmaq məqsədilə götürdüyünü bildirib. Buna baxmayaraq, Vasif silahdan istifadə edərək zərərçəkmişə qarın nahiyəsindən atəş açıb.

Atəşdən sonra F.Kərimova yerə yıxılıb. Təqsirləndirilən şəxs daha sonra silahı kənara qoyaraq hadisə yerindən çıxıb və dərhal təcili tibbi yardım və polisə məlumat verdiyini deyib. Zərərçəkmiş xəstəxanaya çatdırılaraq xilas edilib.

Məhkəmə istintaqı zamanı Vasif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində qeyd edib ki, ailə həyatında uzun müddət ciddi problem olmayıb, sonradan şübhələr yaranıb. Həmçinin o söyləyib ki, hadisə günü məqsədi öldürmək yox, qorxutmaq olub və əməlindən dərhal sonra peşman olaraq yardım çağırıb.

Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlə barışıq əldə olunduğunu, ailəsinin dağılmasını istəmədiyini və daha yüngül maddə ilə tövsif edilməsini xahiş edib.

Vasif Kərimovla zərərçəkmiş şəxsin nümayəndələri barışdıqları üçün məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyini) tətbiq olunub və 4 il azadlıqdan məhrum edilib.

Xatırlatma: Vasif Kərimov Bakıda fəaliyyət göstərən "Referens" klinikasının Mərdəkan filialının direktoru olub.


Telegram kanalımız
Seçilən
1
13
yenisabah.az

10Mənbələr