BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-də öz işinə başlayacaq.Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Tədbir BMT və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq.
WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş təşkil ediləcək. Proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün əhəmiyyətli imkan yaradacaq.
Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunacaq. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçiriləcək. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası keçiriləcək.
Forum çərçivəsində keçiriləcək əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı (GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi "Global Water Operators" Partnerships Alliance" Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunacaq.
17 may tarixində keçiriləcək sessiya və tədbirlərin siyahısı ilə WUF13-ün rəsmi proqram səhifəsində tanış ola bilərsiniz.