2026-cı ilin 1–3 iyun tarixlərində Bakı yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevriləcək. Belə ki, bu gün Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) öz işinə başlamışdır. Bu tədbir yenidən qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini növbəti mühüm müzakirələr və enerji sahəsinin yeniliklərinin nümayişi üçün bir araya gətirib.
Təşkil edildiyi illər ərzində Bakı Enerji Həftəsi həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olmuşdur.
Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, 31-ci “Baku Energy Forum” isə Bakı Konqres Mərkəzində təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Ölkə başçısı sərgiləri ziyarət edərək iştirakçılar və ekspozisiyalar ilə tanış olur.
ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin iştirakçılara ünvanladığı salamlama məktubları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir. Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqlar iştirakı edir.
Uzun illərdir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.
Bu il “Baku Energy Week”ə dünyanın 46 ölkəsindən 276 şirkət qatılmışdır. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur.
Bu il sərgi iştirakçılarının 35%-ni yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər, 40%-ni isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40%-ni əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.
Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “Acwa”, “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “ExxonMobil”, “XRG”, “Gap İnşaat”, “GL”, “Gran Tierra Energy”, “Inpex”, “INTI”, “KPMG”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “SLB”, “Umid Babek Operating Company (UBOC)”, “TotalEnergies” və “Türkiye Petrolleri AO” kimi nüfuzlu şirkətlər yer alır. Tədbirin rəsmi avtomobil sponsoru “Imotors” MMC-dir. Bundan əlavə, Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” forumun konsultativ tərəfdaşıdır.
Tədbirin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank çıxış edir. PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, Stevie Awards tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Tərəfdaşlar arasında “Absheron Hotel Group”, “Accurate MMC” və “Bilbord.al” şirkətləri yer alır.
1, 2 və 3 iyun tarixlərində “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, “Park Bulvar Mall”-a xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin edilmışdir. Bu xidmətin sponsoru isə “Kolin İnşaat” şirkətidir.
Artıq 30 ildən çoxdur ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Bu gün tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib.
“Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunur.
“Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdədir. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunur.
Bakı Enerji Həftəsinin işgüzar proqramı
Bakı Enerji Həftəsi çərçivəsində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunmuşdur. Proqrama panel müzakirələr, innovasiya, keys, forsayt və peşəkar inkişaf sessiyaları, təqdimatlar və imzalanma mərasimləri, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.
Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.
Tədbir çərçivəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma Memorandumlarının imzalanması nəzərdə tutulub. Tərəfdaş ölkə və şirkətlərlə birgə əməkdaşlıq formatında atılan bu addımlar ölkənin enerji təhlükəsizliyinin təmin olunması və yaşıl enerjiyə keçid istiqamətində mühüm rol oynayır.
Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də keçirilir. Tədbirin proqramı ilə ətraflı rəsmi internet səhifəsində (https://caspianoilgas.az/az/events-programme) tanış olmaq mümkündür.
Bu il “Baku Energy Week” çərçivəsində keçirilən beynəlxalq “Caspian Oil & Gas” sərgisi daha bir texnoloji yeniliyə ev sahibliyi edəcək. Dünyanın qabaqcıl robototexnika şirkətlərindən olan “Unitree Robotics”, özünün ən çox gözlənilən və perspektivli humanoid (insanabənzər) robot modeli olan “Unitree R1-Edu” platformasını ilk dəfə bu sərgi çərçivəsində təqdim edəcək.
Təqdimat “Unitree” şirkətinin Azərbaycandakı rəsmi distribütoru — “JFB Tech MMC / BakuRobotics” şirkətinin stendində baş tutacaq. Qeyd edək ki, “Unitree R1-Edu” modelinin nümayişi təkcə Azərbaycan üçün deyil, Türkiyə və Yaxın Şərq ölkələri də daxil olmaqla, bütün regionda ilk kütləvi təqdimat olacaq.
Yeni humanoid modellə yanaşı, ziyarətçilərə şirkətin digər qabaqcıl robototexnika həlləri də (Unitree B2-W, Unitree G1 və Unitree Go2 Pro) təqdim ediləcək. Ekspozisiyada süni intellekt və avtonom sistemlərin sənaye, energetika, təhlükəsizlik, monitorinq (inspeksiya) və avtomatlaşdırma sahələrində praktiki tətbiqi nümayiş olunacaq.
Bununla yanaşı, Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə olaraq “AI RoboCafe” fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq bu tip kafe 2025-ci ildə təqdim olunmuşdur. Bakı Enerji Forumu zamanı Bakı Konqres Mərkəzində fəaliyyət göstərən “AI RoboCafe” yalnız innovativ texnologiyanın nümayişi deyil, həm də tədbir təcrübəsini daha komfortlu, sürətli və interaktiv edən müasir xidmət həlli olacaqdır.
Baku Energy Forum
Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı 1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində təşkil olunan “Baku Energy Forum”dur.
Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dən çox nümayəndə iştirak edir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər daxildir. Bu il forumun proqramında dünyanın müxtəlif ölkələrini və fərqli enerji sahələrini təmsil edən 60-dək spiker yer alır.
Forumun gündəliyi olduqca zəngin olacaqdır. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və yanaşı forumlar təşkil ediləcək.
Qeyd etmək lazımdır ki, forumun ilk günündə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü baş tutacaqdır.
Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçiriləcək. Forumun proqramı ilə ətraflı rəsmi internet səhifəsində (https://bakuenergyforum.az/az/forum-programme) tanış olmaq mümkündür.
Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.
Bakı Enerji Forumu çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcək. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüşlər təşkil olunacaq.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında yaşıl enerji kimi mövzular xüsusi yer tutur. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” və “Zero Food Waste” təşəbbüsləri həyata keçirilir. Bu layihənin məqsədi ekoloji cəhətdən düzgün həllərin praktiki tətbiqi, o cümlədən tədbirlər zamanı karbon izinin və tullantıların azaldılmasıdır. Ötən illərdə olduğu kimi, bu il də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük verilir.
Bakı Enerji Həftəsi təkcə qlobal enerji trendlərinin müzakirə edildiyi məkan deyil, həm də enerjinin gələcəyinə birbaşa qoşulmaq və onu formalaşdırmaq üçün unikal bir platformadır. Dünyanın enerji liderləri ilə tanış olmaq, ən son texnoloji innovasiyaları kəşf etmək və regionun ən nüfuzlu tədbirində yeni biznes imkanları qazanmaq üçün Bakı Enerji Həftəsi ideal əməkdaşlıq məkanıdır. “Baku Energy Week” strateji əməkdaşlıqların qurulması, innovativ texnologiyaların tətbiqi və yeni layihələrin təşəbbüsü üçün bu il də mühüm platforma rolunu davam etdirir. 30 il ərzində bu tədbir neft-qaz sektorunda yerli və beynəlxalq tərəfdaşlıqların inkişafına, yeni texnologiyaların tətbiqinə və ölkəmizin enerji sahəsində mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verməyi bacarmışdır.
Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.
Bakı Enerji Həftəsi və Bakı Enerji Forumu haqqında ətraflı məlumatları daim yenilənən www.bew.az, www.bakuenergyforum.az saytlarından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.


