Səttar Möhbalıyev: Qlobal enerji təhlükəsizliyində Azərbaycanın artan rolu
Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində etdiyi çıxış bir daha göstərdi ki, Azərbaycan artıq yalnız enerji resurslarına malik ölkə deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında söz sahibi olan strateji tərəfdaşdır. Müstəqilliyinin ilk illərində ağır siyasi, iqtisadi və sosial böhranlarla üzləşən ölkənin bu gün dünyanın enerji xəritəsində mühüm aktora çevrilməsi təsadüfi deyil. Bu, uzaqgörən siyasi kursun, milli maraqlara söykənən iqtisadi strategiyanın və düzgün idarəçilik modelinin nəticəsidir.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlər bir daha nümayiş etdirdi ki, Azərbaycanın enerji siyasəti artıq yalnız neft və qaz hasilatı ilə məhdudlaşmır. Bu siyasət enerji təhlükəsizliyi, yaşıl enerji keçidi, beynəlxalq əməkdaşlıq və regional inteqrasiyanın mühüm elementinə çevrilib. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın enerji tarixinin başlanğıc nöqtəsinə qayıdış oldu. Dövlət başçısı xatırlatdı ki, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" və sonrakı dövrdə həyata keçirilən layihələr ölkənin inkişaf yolunu müəyyənləşdirdi. Həmin dövrdə Azərbaycan siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, işğal və qaçqın problemi ilə üz-üzə idi. Dövlət büdcəsi zəif, enerji təminatı isə xarici mənbələrdən asılı vəziyyətdə idi. Məhz belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən strateji qərarlar Azərbaycanın gələcək inkişafının əsasını qoydu. Xəzərin enerji ehtiyatlarının beynəlxalq şirkətlər üçün açılması ölkəyə milyardlarla dollar sərmayə cəlb etdi və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri təbii sərvətlərin idarə olunması məsələsi oldu. Dövlət başçısı açıq şəkildə bildirdi ki, ölkələr malik olduqları enerji resurslarına görə deyil, həmin resurslardan əldə edilən gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər. Bu fikir əslində Azərbaycanın son otuz illik inkişaf modelinin fəlsəfəsini əks etdirir. Neft gəlirləri hesabına ölkədə minlərlə kilometr yol çəkilib, müasir məktəblər, xəstəxanalar tikilib, sosial infrastruktur yenilənib, regionların inkişafı təmin olunub. Eyni zamanda, güclü ordu quruculuğuna böyük vəsait yönəldilib. Cənab Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, əgər Azərbaycan öz maliyyə imkanlarını yaratmasaydı, işğal altındakı torpaqların azad olunması da mümkün olmazdı. Bu baxımdan enerji siyasəti ilə Vətən müharibəsində əldə edilən tarixi Zəfər arasında birbaşa əlaqə mövcuddur.
Millət vəkili onu da bildirib ki, Azərbaycanın enerji strategiyasının ən mühüm nəticələrindən biri ölkənin enerji ixracatçısından qlobal enerji təhlükəsizliyinin təminatçısına çevrilməsidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi layihələr bu gün Avrasiyanın enerji xəritəsini dəyişən geosiyasi layihələr hesab olunur. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Azərbaycan qazını alan ölkələrin sayı 12 idisə, bu gün həmin rəqəm artıq 16-ya yüksəlib. Bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha təsdiqləyir. Xüsusilə son illərdə dünyada baş verən enerji böhranları fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənib. Avropa ölkələri üçün Azərbaycan qazı artıq alternativ deyil, strateji əhəmiyyət daşıyan enerji mənbələrindən biridir. Çıxışın diqqətçəkən hissələrindən biri də qlobal enerji siyasətində baş verən dəyişikliklərlə bağlı oldu. Cənab Prezident İlham Əliyev enerji sektoruna münasibətdə formalaşan ikili standartları tənqid edərək bildirdi ki, uzun illər neft və qaz istehsal edən ölkələr əsassız şəkildə tənqid olunub, hətta bəzi hallarda günahlandırılıb. Dövlət başçısı bu kontekstdə ABŞ Prezidenti Donald Trampın enerji siyasətinə xüsusi diqqət çəkərək qeyd etdi ki, neft və qaz sektoruna münasibətdə daha praqmatik yanaşmanın formalaşması qlobal enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın illərdir müdafiə etdiyi prinsipə uyğundur. Rəsmi Bakı hesab edir ki, enerji təhlükəsizliyi ilə yaşıl enerji keçidi bir-birinə qarşı qoyulmamalı, əksinə paralel şəkildə inkişaf etdirilməlidir. Cənab Prezident İlham Əliyevin çıxışında gələcəyin enerji gündəliyi də aydın şəkildə ifadə olundu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları ən azı növbəti yüz il ərzində ölkənin və tərəfdaşlarının tələbatını ödəməyə kifayət edir. Bununla belə, Azərbaycan yaşıl enerji sektoruna böyük həcmdə investisiyalar yatırır. Gələn ilin sonuna qədər ölkədə günəş və külək enerjisi üzrə istehsal gücünün 2 giqavata, 2032-ci ilin sonuna qədər isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda artıq istifadəyə verilmiş hidroenerji layihələri də bu strategiyanın mühüm tərkib hissəsidir. Azad edilmiş ərazilərin "yaşıl enerji zonası"na çevrilməsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcını simvolizə edir.
Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam enerji diplomatiyasının uğurları ilə bağlı oldu. Azərbaycanın coğrafi baxımdan dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, bu gün enerji məhsulları onlarla ölkəyə çatdırılır. Bu isə yalnız iqtisadi imkanların deyil, uğurlu xarici siyasətin nəticəsidir. Dövlət başçısının vurğuladığı kimi, enerji layihələrinin həyata keçirilməsi üçün yalnız qonşularla deyil, qonşuların qonşuları ilə də etibarlı münasibətlər qurmaq tələb olunur. Son otuz ildə Azərbaycanın həyata keçirdiyi balanslı xarici siyasət məhz bu məqsədə xidmət edib. Bu gün formalaşan geniş əməkdaşlıq platformaları Azərbaycanın regional lider statusunu daha da möhkəmləndirir. Bakı Enerji Həftəsində səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan enerji resurslarını sadəcə iqtisadi gəlir mənbəyi kimi deyil, dövlət quruculuğunun, milli təhlükəsizliyin, beynəlxalq nüfuzun və gələcək inkişafın mühüm aləti kimi dəyərləndirir. Son otuz ilin təcrübəsi sübut edir ki, enerji sərvətləri yalnız düzgün idarə edildiyi halda dövlətin gücünə çevrilir. Azərbaycan məhz bu modeli formalaşdıraraq enerji ehtiyatlarını iqtisadi inkişafa, iqtisadi inkişafı güclü orduya, güclü ordunu isə tarixi Zəfərə çevirə bilib. Bu gün isə ölkə yeni mərhələyə qədəm qoyur. Neft və qazdan əldə olunan imkanlar yaşıl enerjiyə, regional bağlantılara və qlobal enerji təhlükəsizliyinə xidmət edən yeni strategiyanın əsasını təşkil edir. Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı da məhz Azərbaycanın keçdiyi yolun yekunu və gələcəyə baxışının siyasi proqramı kimi qiymətləndirilə bilər-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.