Bundesliqanın 23-cü turunda “Maynts”a qarşı ev oyunu (2:1) Xabi Alonsonun çalışdırdığı Leverkuzen “Bayer”i üçün əlamətdar olub.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, ispan mütəxəssisin “əczaçılar”ı bütün yarışlar çərçivəsində ardıcıl məğlubiyyətsiz oyunlar silsiləsini 33 oyuna çatdırıblar.
Beləliklə, Leverkuzen təmsilçisi daha əvvəl rekordunu təkrarladığı, Almaniya nəhəngi “Bayern”in 2019-2020-ci illərdə müəyyənləşdirdiyi 32 oyunluq məğlubiyyətsizlik silsiləni üstələyib.
“Bayer” cari mövsümdə 29 qələbə qazanıb, 4 dəfə heç-heçə edib.
Xabi Alonso əldə etdiyi bu nailiyyətlə bağlı fikirlərini bildirib:
“Rekordlar haqqında düşünmürəm, amma biz onlara nail olanda komanda ilə fəxr edirəm. Uşaqlar çox səy göstərirlər və məsuliyyətlərini bilirlər, onlarla işləmək çox asandır. Mən onlardan çox şey öyrənmişəm. Biz dayanmaq istəmirik”, – klubun mətbuat xidməti ispan mütəxəssisdən sitat gətirir.
Hazırda Xabi Alonsonun komandası 61 xalla Bundesliqanın turnir cədvəlinin vahid lideridir. Liderin ən yaxın izləyicisi “Bayern”in 50, üçüncü pillədə qərarlaşmış “Ştutqart”ın 46, dördüncü pillədəki Dortmund “Borussiya”sının isə 41 xalı var.
Bundesliqanın növbəti, 24-cü turunda “əczaçılar” “Köln”lə qarşılaşacaqlar. Oyun martın 3-də Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Xatırladaq ki, “Bayer” Avropa Liqasının Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.
Bu komandalar Avroa Liqasının cari mövümünün qrup mərhələsində də bir-birinə rəqib olmuşdular. Azərbaycan çempionu Bundesliqanın liderinə səfərdə 1:5, evdə isə 0:1 hesabıyla uduzmuşdu.