Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin peşə tanınması üçün Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.
Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında saat 10:00-da və 13:00-da olmaqla 2 növbədə keçirilib və 1 saat davam edib.