AZ

Bu ölkədə qırıcılar səhvən kəndi BOMBALADI - 85 nəfər öldü

Nigeriya Hərbi Hava Qüvvələri (NAF) Kaduna əyalətində bir kəndi səhvən bombalayıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, inanılmaz faciədə 85 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb.

Nigeriya Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) verdiyi açıqlamada bildirib ki, dekabrın 3-ü axşam saatlarında hava qüvvələrinə məxsus qırıcı Kaduna əyalətinin Tudun Biri kəndini bombalayıb.

Şimal-Qərb Regional İdarəsi indiyədək 85 cəsədin basdırıldığını və axtarışların hələ də davam etdiyini açıqlayıb.

Məlumata görə, həyatını itirənlərin çoxu qadın və uşaqlardır. 

Ordu belə bir hadisənin baş verdiyini təkzib etsə də, hazırda bununla bağlı heç bir açıqlama verməyib.

Kaduna qubernatoru Uba Sani hadisənin dərhal araşdırılmasını istəyib.

Kaduna əyalətinin daxili işlər üzrə komissarı Samuel Aruvan bildirib ki, əyalətdə terrorçulara qarşı əməliyyat zamanı qırıcılar təsadüfən kəndi bombalayıb.

Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin terror təşkilatları “Boko Haram”  və  “Qərbi Afrikada İslam dövləti” (ISWAP) tərəfindən hücumlara məruz qalır.

Musavat.com

Seçilən
125
1
musavat.com

2Mənbələr