Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, dekabrın 13-də əsirlikdən xilas edilən Aqşin Bəbirov və Hüseyn Axundovun son günlər sosial şəbəkələrdə, xüsusilə TikTokda canlı yayımlara çıxması müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib:
"Hərbi qulluqçuların daxili nizamnaməyə əsasən smartfon telefondan istifadə etməsi qadağandır. Bu o deməkdir ki, onların nəinki canlı yayımlar açmağı hətta smartfon telefondan istifadəsi də qadağandır. Dolayısı ilə onların sosial şəbəkələrdə canlı açmağları və s kimi müxtəlif paylaşımlar etmələri Müdafiə Nazirliyinin əmri ilə qadağan olunub".
Səxavət Məmməd bildirib ki, ümumiyyətlə hərbi qulluqçuların canlı yayım açmaqları doğru deyil:
Bununla bağlı, zamanında müxtəlif problemlərlə qarşılaşmışıq. Hətta bəzi internet kanallarına qoşulan hərbçilər var idi. Amma nədənsə bu hallara çoxda diqqət edilmirdi. Bu məsələnin üzərinə ciddi şəkildə düşmək lazımdır. Müdafiə Nazirliyi bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır.Azərbaycan və Ermənistan arasındakı vəziyyətin hansı radədə olmasına baxmayaraq, bu addımlar doğru hesab olunmur. Bununla bağlı, bütün hissələrdə qadağalar var. Bu tip intizamsızlıqlar və nizamsızlıqlar qarşısı alınmalıdır. Yoxsa bu halların fəsadları ilə qarşılaşa bilərik.
Qeyd edək ki, keçmiş əsirlərin başlarına gələnlər barədə qeyri-ciddi ortamda etdikləri çıxışlar, eləcə də onların bəzi ailə üzvlərinin verdikləri müsahibələr müzakirə yaradıb. Bir çox insan Aqşin və Hüseynin TikTokda canlı yayımlara çıxarılmasını izləyici toplamaq məqsədilə əlaqələndirib. Həmçinin keçmiş əsirlərin ermənilərin əlinə düşdükləri vaxt və sonrakı dövrlərdə üzləşdikləri rəftarla bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılanmayıb.
BiG.Az