“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 22-ci tur oyununda “Osasuna” üzərində qazanılmış qələbəni (1:0) şərh edib.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Xavinin bu barədə fikirlərini təqdim edir:
“Mən çox gərgin və əsəbi idim. Hesab 1:0 ikən 2:0-a çevirməyin vaxtı idi. Biz özümüzdən daha çox tələb etməliyik. Onlar on nəfərlə oynayanda biz topa daha çox sahib olmalı və meydanın rəqibə aid yarısında olmalıyıq. Qol vurmağa səbrimiz çatmadı. Bizim iki və ya üç aşkar imkanımız vardı, amma bacarmadıq”, deyə Xavi bildirib.
Xatırladaq ki, yanvarda Xavi 2023/2024 mövsümünün sonunda “blauqrana”dan ayrılacağını açıqlayıb. Xavinin rəhbərliyi altında “Barselona” İspaniya La Liqasının (2022/2023) və İspaniya Super Kubokunun (2022/2023) qalibi olub.
Hazırda, La Liqanın 22 turundan sonra “Barselona” 47 xalla turnir cədvəəlinin 4-cü pilləsində qərarlaşıb. La Liqaya 22 oyunda 55 xalla “Jirona” başçılıq edir. 21 oyundan 54 xal toplamış “Real” isə potensial lider statusunda 2-ci pillədə qərarlaşıb.
“Barselona” növbəti oyununu fevralın 3-də, “Alaves”ə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.