AZ

Tramp prezident seçilsə, Ukraynada müharibəni 24 saata bitirə biləcək - Duda

Polşa prezidenti Anjey Duda əmindir ki, Donald Tramp bu payızda keçiriləcək seçkilərdə ABŞ prezidenti seçilərsə, Ukraynadakı müharibəni 24 saat ərzində dayandıra biləcək. Vladimir Putin isə Polşa və bütün NATO bloku ilə müharibə riskinə getməyəcək.

Bu barədə Qaynarinfo "Polskie Radio”ya istinadən xəbər verir.

Fevralın 7-də Ruandaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Polşa lideri qeyd edib ki, Tramp həmişə verdiyi vədlərə əməl edir.

"Prezident Trampla işləyən prezident kimi şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, onun mənə verdiyi sözlər yerinə yetirilib. Ona görə də Trampdan hər hansı vəd almışamsa, o, mənə nəsə söz veribsə, deməli, yerinə yetirilib”, - Duda deyib.

O, həmçinin əlavə edib ki, "Tramp bütün dediklərində ciddidir”.

Dudaya həmçinin Rusiyanın Polşaya hücumu təhlükəsi barədə də sual verilib. O qeyd edib ki, "rus imperializminin, şübhəsiz ki, yenidən dirçəldiyi və Rusiyanın Ukraynaya hücum etdiyi vəziyyəti nəzərə alsaq, nəzəri cəhətdən belə bir təhlükə potensial olaraq mövcuddur”.

Üstəlik, onun fikrincə, belə bir hücum bütün Şimali Atlantika Alyansının reaksiyasına səbəb olmalıdır.

"Polşa zəifdirsə, təbii ki, belə bir potensial hücum təhlükəsi artacaq. Əgər Polşa güclüdürsə, güclü, yaxşı təchiz olunmuş ordusu varsa, o zaman ehtimal kəskin şəkildə azalacaq", - prezident əlavə edib.

Dudanın sözlərinə görə, bu səbəbdən Polşa ordusunun daha da modernləşdirilməsi və hərbi texnikanın alınması zəruridir.

"Bu proses davam etdirilməlidir. Əgər o, uğurla həyata keçirilərsə və inanıram ki, belə də olacaq, bu, Polşanın müdafiə potensialının güclənməsi demək olacaq və bundan sonra Rusiyanın bizə hücumu ehtimalı praktiki olaraq minimuma enəcək, əslində o, aradan qaldırılacaq. Çünki Polşa ordusu "torpaqlarımızı müstəqil şəkildə müdafiə etməyə qadirdir. Və NATO-nun, xüsusən də ABŞ ordusunun dəstəyi ilə o, şübhəsiz ki, istənilən hücumu dərhal dəf edə biləcək", - Polşa prezidenti bildirib.

Onun fikrincə, Vladimir Putin "hər hansı bir NATO ölkəsinə hücum etməzdən əvvəl dəfələrlə düşünəcək, çünki o, bu yaxınlarda NATO ölkələrinin ixtiyarında olanlarla Rusiyanın ixtiyarında olanlar arasında texnoloji və texniki imkanlarda nə qədər fərq olduğunu görüb”.

Xatırladaq ki, 2023-cü ilin mart ayında Donald Tramp seçicilərinə bu il noyabrın 5-də keçiriləcək seçkilərdə ABŞ-ın prezidenti seçiləcəyi təqdirdə "Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində bitirəcəyini” vəd edib. 

Bu cür mesajlara cavab olaraq Ukrayna prezidenti Volodimir Zelenski Trampı Ukraynaya dəvət edib. O qeyd edib ki, 24 dəqiqə ərzində Trampa Rusiya diktatoru ilə razılaşmaların mümkünsüzlüyünü izah edəcək. Lakin Tramp "maraqlar toqquşması yaratmaq” istəmədiyi üçün dəvəti rədd edib.

Zelenski bildirib ki, o, Trampın "sülh planı” ilə də tanış olmağa hazırdır. Onun fikrincə, bu plan ərazi güzəştlərini nəzərdə tutursa, bu, sülhə gətirib çıxarmayacaq.

Nizami Bağırov
Seçilən
211
50
qaynarinfo.az

9Mənbələr