AZ

Azərbaycan xalqı 20 il öncə etdiyi seçimin tarixi qürurunu yaşayır

Müstəqil Azərbaycan Respublikasının tarixini mərhələlərə bölməli olsaq, heç şübhəsiz, iki mühüm tarixi günü xüsusi olaraq fərqləndirmək lazımdır. Bunlardan birincisi 15 iyun 1993-cü ildir. Təqvimimizə Milli Qurtuluş Günü kimi yazılan həmin tarix Azərbaycan dövlətinin məhv olmaqdan xilas olduğu gündür. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və xalq olaraq varlığımızı qorumaqla bərabər, həm də bugünkü inkişafın təməli qoyuldu. 1993-cü ildən 2003-cü ilədək 10 il ərzində xilaskar liderin fövqəladə idarəetmə bacarığı sayəsində Azərbaycan dövlətçiliyi nəinki bərqərar olundu, həm də bütün istiqamətlər üzrə inkişaf və tərəqqi nümunəsinə çevrildi.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında AMEA-nın müxbir üzvü, professor, YAP İdarə Heyətinin üzvü Amin İsmayılov söyləyib. Professor A.İsmayılov vurğulayıb ki, bütün həyatını xalqına və Vətəninə həsr edən Ulu Öndər böyük uzaqgörənliklə dövlətin gələcəyini düşünərək İlham Əliyevi növbəti dövr üçün ölkə rəhbərliyinə namizəd görüb, “Mən ona özüm qədər inanıram və inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” fikri ilə xalqa gələcəyin yolunu dəqiqliklə göstərib.

“İkinci ən vacib dövr isə 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı növbəti dəfə düzgün siyasi qərar qəbul edərək Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməsi olub. Məhz həmin gün müstəqil dövlətçiliyimiz tarixində ikinci mərhələnin başlanğıcı sayılmalıdır. Ulu Öndərin hakimiyyətə gəlişi ilə dövlətimizin məhvi prosesinin qarşısı alındı, bütün idarəetmə və iqtisadi institutlar bərqərar edildi. Qeyd etmək lazımdır ki, həmin çətin dövrdə Azərbaycan müstəqil ölkə kimi dünya siyasi arenasına çıxarıldısa, Prezident İlham Əliyevin hakimiyyəti illərində bu proses daha da irəli aparıldı. Arxada qalan 20 ilə nəzər yetirdikdə dahi rəhbərin xalqa müraciətində müdrikcəsinə və uzaqgörənliklə söylədiyi fikirlərin öz təsdiqini tapdığını görürük. Belə ki, 2003-cü ilin oktyabrında bəzi anti-Azərbaycan qüvvələrin planlarını alt-üst edən İlham Əliyev dövlət başçısı kimi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” devizi ilə vəzifəsinin icrasına başladı və bu gün ölkədə mövcud olan milli və siyasi birlik hörmətli Prezidentimizin bu fikrini reallaşdırdığını təsdiqləyir.

Ümumiyyətlə, müasir dövrün siyasi tarixinə, siyasi liderlərin fəaliyyətinə nəzər yetirsək, çox az sayda dövlət rəhbəri tapmaq olar ki, İlham Əliyev kimi verdiyi vədləri tam şəkildə yerinə yetirsə bilsin. Hələ hakimiyyətinin ilk illərində “Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq” söyləyən dövlətimizin başçısının bu vədini bir çoxları sadəcə şüar hesab edə bilərdi. Sevindiricidir ki, qaçqın və məcburi köçkünlər hazırda çadır şəhərciklərində deyil, öz doğma yurdlarında yerləşdirilməkdədir. Bu nəinki 20 il, bütövlükdə 200 illik tariximiz üçün qızıl hərflərlə yazılacaq bir prosesdir və bu tarixin yaradıcısı birmənalı şəkildə Azərbaycan Prezidenti İlham Əliyevdir”, - deyə professor A.İsmayılov bildirib.

Alim vurğulayıb ki, dövlətimizin başçısının 20 illik fəaliyyətinin kulminasiya nöqtəsi olan bugünkü qüdrətli Azərbaycan bütün sahələr üzrə paralel şəkildə inkişaf edir, bu da heç şübhəsiz, Prezident İlham Əliyevin yüksək idarəçilik bacarığının bariz təzahürüdür. Ötən dövr ərzində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətdə Azərbaycanın milli maraqları və vətəndaşın sosial hüquqları əsas prinsip olaraq seçilib. Regionların sosial-iqtisadi inkişaf proqramları ilə bütün ölkə boyunca aparılan quruculuq və inkişaf prosesi Azərbaycanın hər bir bölgəsini müasir dünya tələblərinə cavab verən məkana çevirib. Bu prosesin tərkib hissəsi olaraq təhsil, səhiyyə, turizm, elm, mədəniyyət sahələrinin inkişafı da Prezidentin xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Azərbaycanın dünya arenasında nüfuzunun yüksəldilməsi naminə fəaliyyətində xarici siyasət kursu mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin başçısının yüksək diplomatik bacarığı sayəsində bu gün ölkəmiz həm regional, həm də qlobal miqyasda lider mövqeyindədir.

“Ötən 20 il ərzində Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin inkişafını təmin edib və dünya idarəçilik sistemində “İnkişafın Azərbaycan modeli” kimi qəbul olunub. İslahatların ən ümdə məqsədləri sırasında əhalinin rifahının daha da yaxşılaşdırılması, sosial islahatların daha da dərinləşməsi xüsusi yer tutur. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların əsasında xalqın rifahının və ölkəmizin dayanıqlı inkişafının təmin olunması məqsədlərinin dayandığını göstərir. Bütün bu siyasətin sonu isə, heç şübhəsiz, hər bir azərbaycanlı üçün ən mühüm məsələ olan ərazi bütövlüyü və Qarabağın azad olunması ilə zirvəyə çatmalı idi. Bütün diplomatik təmaslarında düşmənə sülh prosesini təklif edən ölkə rəhbəri, eyni zamanda, Azərbaycanın öz gücü ilə torpaqları azad etməyə qadir olduğunu da bəyan etmişdir. Nəhayət, 2020-ci ilin 27 sentyabrında işğalçıların növbəti hərbi təxribatına cavab verən Azərbaycan Ordusu Ali Baş Komandanın tarixi əmrinin icrasına başladı. 44 gün ərzində bütün dünyaya ordumuzun qüdrəti nümayiş etdirildi və “Dəmir yumruq”la işğalçılar məhv edildi. Başqa çıxış yolu qalmayan Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Tam hərbi üstünlük şəraitində belə Prezident İlham Əliyev dünyaya Azərbaycan adından yenə də sülhpərvərlik və humanizm nümayiş etdirdi. Amma bu şansı dəyərləndirməyən anti-Azərbaycan qüvvələr yenidən separatçı-şovinist xəyallarını gerçəkləşdirməyə cəhd etdilər. Prezident İlham Əliyev beynəlxalq müstəvidə mükəmməl diplomat, hərb meydanında Müzəffər Ali Baş Komandan kimi bütün bu planları məhv etdi və 200 illik tariximizdə ilk dəfə olaraq dövlətimizin ərazi bütövlüyü tam şəkildə təmin edildi.

Bu gün həm regional, həm də qlobal səviyyədə bütün iqtisadi və siyasi məsələlərdə Azərbaycanla hesablaşılır və ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan xalqı 20 il öncə etdiyi seçimin tarixi qürurunu yaşayır. Prezident İlham Əliyev yalnız Azərbaycan dövlətini inkişaf etdirmədi, o həm də xalqımız və dövlətimiz üçün yeni şanlı tarix yazdı. Prezident İlham Əliyevin adı və imzası tarixə həm də əbədi qalib xalq lideri kimi həkk olundu. Dövlətimizin başçısının möhtəşəm 20 illik fəaliyyətində inkişaf və butövlüyün sevincini yaşayan xalqımız seçimində yanılmadığını sevgi və şükranlıqla hər zaman xatırlayacaq”, - deyə professor A.İsmayılov fikrini yekunlaşdırıb.

Seçilən
96
50
sia.az

10Mənbələr