Ekonomiks 15:55 17.08.2022

Avtomobilsiz qalan Rusiya üzünü İrana tutur - ŞƏRH

Qərblə iqtisadi əlaqələrdən məhrum olan Rusiya bir sıra mühüm sənaye sahələrini inkişaf etdirmək imkanından məhrum olub. Belə sahələrədn biri də avtomobil sənayesidir. Rusiya özü avtomobil istehsal etsə də, onun bir çox komponentlərini xaricdən, qabaqcıl Qərb ölkələrindən almağa məhkumdur. Sanksiyalar isə bunu etməyə imkan vermir. Nəticədə Rusiyanın avtomobil sənayesi də çökür. Bəzi avtomobil növləri üzrə ehtiyat hissələrində ciddi çatışmamazlıqlar mövcuddur. Sanksiyalar elektron komponentlərin çatışmazlığına gətirib ki, nəticədə Rusiyanın ən iri avtomobil istehsalçısı "Avtovaz” istehsalı sayandırmaq məcburiyyətində qalıb.
 
Yaranmış durumda Rusiyada ehtiyat hissələrin qiyməti orta hesabla 30 faiz artıb. Ford, Subaru, Mercedez, BMW üçün ehtiyat hissələri daha çox bahalaşıb. Nəticədə, 2022-ci ilin martına olan məlumata görə, Rusiyanın minik avtomobili bazarında satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz azalıb. Martda Rusiyada satılan minik avtomobillərinin sayı 79 minə yaxın olub. Eyni zamanda, avtomobillərin dəyəri orta hesabla 35-45 faiz bahalaşıb. Bunun nəticəsidir ki, Rusiya avtomobillərə olan ehtiyacı ödəmək üçün digər ölkələrə müraciət etmək məcburiyytində qalıb. Rusiyanın Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmir yolu maşınqayırması departamentinin direktoru Denis Pak bu yaxınlarda bildirib Çin, Türkiyə və İran şirkətləri Rusiya avtomobil sənayesi üçün alternativ təchizatçı rolunda çıxış edə bilərlər:
 
"Bizim avtomobilimiz bir neçə min komponentdən ibarətdir və tədarükçülər müxtəlif ölkələrdə yerləşir. Təbii ki, hər hansı logistik problem yaranarsa və ya təchizatçı lazımı komponentləri təmin edə bilmədiyi və ya ondan imtina etdiyi halda bu komponentlərin təmin edilməsi üçün digər ölkələrə müraciət ediləcək. Məsələn, biz Çin, Türkiyə, İran və ölkəmizə qarşı sanksiyalar tətbiq etməyən digər ölkələrdə yerləşən Asiya tədarükçülərini nəzərdən keçiririk”.

Bunun nəticəsidir ki, indi Rusiya İranın keyfiyyəti aşağı olan avtomobnillərinə ehtiyac duyub. Belə ki, İranın ən böyük avtomobil istehsalçısı "İran Khodro” konserni Rusiyaya ixraca başlamaq planlarını açıqlayıb. Şirkətin baş direktoru Mehdi Xətibinin sözlərinə görə, ilk avtomobillər bu il satışa çıxarılacaq. 
Rusiyanın İran maşınlarına ehtiyacı varmı? Keyfiyyəti aşağı olan İran avtomobilləri olmadan keçinmək mümkünsüzdürmü? 

"Liberal İqtisadçılar” Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, indiki halda Rusiya yerli tələbatı ödəmək üçün bütün vasitələrə getməyə məcburdur:
 
"İranın istehsal etdiyi avtomobillər sözün həqiqi mənasında keyfiyyətsizdir. Amma məsələ ondadır ki, Rusiya daxildə yaranan ciddi problemlərdən ölkə içində istehsal demək olar ki, mümkünsüz hala gəlib. Ona görə də, müəyyən müddət üçün Rusiya İran, Çin kimi ölkələrə möhtacdır. Rusiya İrandan həm də dron idxal edəcək. Güman edirəm müqavilə əsasında Moskvanın İrandan idxal edəcəyi avtomobillər Rusiya avtomobil sənayesi səviyyəsində moderizasiya olunub. Yəni Rusiya hazırda İranda istehsal olunan keyfiyyətsiz deyil, daha keyfiyyətli avtomobillər idxal edəcək. Hazırda İranın avtomobil zavodları Rusiya mütəxəssislərinin iştirakı ilə modernizasiya olunur. Rusiyaya İran avtomobillərinin idxalı da həmin modernizasiyadan sonra mümkün olacaq”.

Ekspert qeyd edir ki, İran avtomobilləri bütün hallarda Rusiyanın tələbatını tam ödəmək gücündə olmayacaq:"Yalnız tələbatın müəyyən hissəsini ödəyəcək. Yəqin ki, Çin, Hindistan, Türkiyə də bu müstəvidə Rusiya ilə əməkdaşlıq edəcək”. 

Rüfət Sultan