İdman 21:34 21.08.2022

ABŞ-da yaşayan futbolçumuz: “Məndə biclik vardı, necə yıxılmaq lazım olduğunu bilirdim” (MÜSAHİBƏ)

Futbol elə bir oyundur ki, karyerasını bitirən hər futbolçu heç də yadda qala bilmir. Bəziləri unudulur, bəziləri sanki heç olmayıbmış kimi futboldan uzaq düşür. Yəni, hər kəs ön plana çıxıb, daim xatırlana bilmir. Ancaq meydanda gördüyü işlərlə karyerasını bitirdikdən sonra uzun müddət yaddaşlardan silinməyən futbolçular da var. Düzdür, onlar ulduz olmaya, bəlkə milli komandaya da dəvət almaya bilərlər. Ancaq oynadığı komandalarda verdiyi fayda, vurduğu qollar heç vaxt unudulmur. Belə futbolçulardan biri də vaxtilə "Qarabağ”da, "Neftçi”də, Mingəçevir "Avtomobilçi”sində, Şamaxı "İnşaatçı”sında, "Kəpəz”də və bir sıra klublarımızda oynamış, 250-dən çox qol vurmuş Arif Zarbailovdur. Stajlı azarkeşlərin yaddaşında "Aron qol” ləqəbi ilə qalan yəhudi əsilli sabiq hücumçu da unudulmayanlar sırasındadır. Karyerasını bitirənə yaxın ABŞ-a köçən, bir neçə il də okeanın o tayında futbol oynayan veteran futbolçu hazırda orada da Azərbaycan futboluna xidmət göstərir. 30 ildir ABŞ-da Nyu York şəhərində yaşayan Zarbailov orada hər il Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin xatirəsinə turnirlər təşkil edir, ölkəmizi sərhədlərdən kənarda da tanıtdırır və təbliğatını aparır. 

Uzun illərdir orada olmasına baxmayaraq, dilimizi unutmayan sabiq hücumçunun ürəyi Azərbaycanla döyünür. Hətta tez-tez Azərbaycanda futbolun sirlərini öyrənən azyaşlı uşaqlar üçün yaşadığı şəhərdən futbol geyim dəsti və ləvazimatları da göndərir. O, Qaynarinfo-ya müsahibəsində də bunu bildirdi, karyerası ilə bağlı maraqlı xatirələrini bölüşdü. 

- Azərbaycanda xeyli müddət futbol oynayandan sonra ABŞ-a köçdünüz. Necə oldu belə qərara gəldiniz?

- Çox sağ olun ki, bizimlə maraqlanırsınız, neçə il keçsə də, yaddan çıxarmırsınız. 1994-cü ildə ABŞ-a köçdüm. Səbəb çox idi. Əsas məqsəd o idi ki, ABŞ-ın ikinci liqasında iştirak edim. Orada futbolçu karyeramı üç il (1994, 1995, 1996) davam etdirdim. Bundan əvvəl 1983-1987-ci illərdə "Avtomobilçi"də, 1988-1989-cu ildə "Kəpəz"də, 1990-cı ildə "Neftçi”də,  1991-1992-ci ildə "Qarabağ”da oynamışdım. 1991-ci ilin üç ayını isə Şamaxı klubunda keçirmişəm. Azərbaycanda son klubum 1993-1994-cü illərdə "Azəri Bakı” olub. Hansı ki, həmin klubun baş məşqçisi Nadir Qasımov, prezidenti Anatoli Banişevski idi. Əli Ağamalıyev, Vaqif Davudov və Tofiq Mustafayev də klubun rəhbərlərindən idi. 1994-cü ildə bildiyiniz kimi, Amerikada dünya çempionatı keçirildi. Elə həmin vaxtdan bəri orada futbol inkişaf etməyə başladı. İlk məşqçilərim isə rəhmətlik Ruslan Abdullayev, Nağı Babayev və Anatoli Qryazev olub. Sonradan gəncəli Müzəffər Qasımov, Ağasəlim Mircavadov, Valentin Xılistov, Şamil Heydərovun da rəhbərliyi altında oynamışam. Onlara daim minnətdaram. 

- Şəkillərinizə baxdım, Azərbaycan futbolunun əfsanəsi Banişevskini xüsusi vurğulamısınız. Onunla yaxın dost idiniz deyəsən…
 


- Banişevskidən çox danışmaq olar. Bir yerdə işləyirdik. Banişevski ilə ilk tanışlığım 1978-ci ildə "Neftçi”nin əvəzedicilərində oynayarkən olub. 1984-cü ildən 1994-cü ilə qədər onunla işlədim, rəhbərlik etdiyi komandalarında oynadım. Həm də çox yaxın idik. Son oyunumu da elə onun komandasında keçirdim. Banişevski Azərbaycanın ən yaxşı futbolçularından biridir. Mənim oyunumu da onunkuna bənzədirdilər. Çünki ikimiz də hücumçu, qol vuran idik. Məni çox istəyirdi, hansı komandaya gedirdisə, özü ilə aparırdı. Amerikaya köçəndən sonra arzum bu idi ki, Banişevskinin xatirəsinə turnir keçirim. 2014-cü ildə Nyu Yorkda həmyerlilərimizin köməyi ilə ilk turniri təşkil etdim. Bu il isə artıq 8-ci turniri keçirdik. İki ildən sonra 10-cu, yubiley turniri təşkil etmək istəyirik. Arzumuz da budur ki, millimizin veteran futbolçuları arasında yoldaşlıq matçı oynanılsın. Burada yaşayan köhnə futbolçularımız var. Banişevskinin adına turnirlər keçirəndə, həmişə çalışırıq ki, Azərbaycandan da qonaqlar dəvət edək. Bir dəfə onun həyat yoldaşı İnna Georgievna da iştirak edib. 6-cı turnirdə Asim Xudiyevi dəvət etmişdim, çox sağ olsun, gəlmişdi. Müğənni Elariz də iştirak edib. Belə qonaqlar gələndə, turnirin səviyyəsi də yüksəlir. 9-cu turnir 2023-cü ilin fevral-mart aylarında həm uşaqlar, həm də böyüklər və peşəkarlar arasında keçiriləcək. 

- Hazırda ABŞ da işiniz nədən ibarətdir? Deyəsən məşqçilik fəaliyyətinizi davam etdirirsiniz…
 


- Elədir, son 10-12 ildir uşaqlarla çalışıram, məşqçilik edirəm. "My Way New York” adlı Azərbaycan-Amerika dostluq klubundayam. Uşaqların çoxunun valideynləri azərbaycanlıdır, burada yaşayırlar. Yaxşı uşaqlar çoxdur. Arzumuz budur ki, onlardan bir neçəsi Azərbaycan millisinə də kömək etsin. Həm də 20 ildən çoxdur ki, Amerika yığmasının veteranlarından ibarət komandasının məşqçisiyəm. Rəhbərlik etdiyim komandada çox tanınmış futbolçular oynayır. Kapitanımız, Azərbaycan yığmasının keçmiş futbolçusu Elşən Qənbərovdur. O da burada yaşayır. Yığmamızda Özbəkistandan, Rusiyadan, Ukraynadan, Gürcüstandan və sair ölkələrdən olan keçmiş futbolçular var. Komandamız müxtəlif turnirlərdə iştirak edir, çox yarışların qalibi olmuşuq. Həqiqətən komandamız çox güclüdür. Hamısı keçmiş peşəkar futbolçulardır. Onların arasında Polad Məmmədov, Vyaçeslav Şirin, Yuri Smotriç kimi oyunçular var. 

- Azərbaycanla əlaqələriniz necədir? Sizinlə əlaqə saxlayanlar, qayıdıb vətəndə işləməyinizi təklif edənlər var?

- Sözsüz, Azərbaycanla əlaqələrimiz var. Hər gün uşaqlarla danışırıq. Asim Xudiyev, Rüstəm Rəhimov, Tofiq Mustafayev, Tərlan Əhmədovla dostluğumuz, əlaqələrimiz davam edir. Yığmamız sonuncu matçda qalib gələndən dərhal sonra Arif Əsədova mesaj yazdım. O da cavab verdi və "çox sağ ol” dedi. Təbriklərimi uşaqlara göndərdiyini bildirdi. Ariflə 1990-cı ildə "Neftçi”də birlikdə oynamışıq. Elə də çox təklif edənlər yoxdur. Amma Gəncədə, Şamaxıda, Mingəçevirdə, harada oynamışamsa, hamı ilə əlaqə saxlayıram. Hər şeydən xəbərim var. 21-ci əsrdir, internet vasitəsilə oyunlara baxırıq. Srağagün "Qarabağ”ın oyununu izlədik. Hesab 0:0 oldu. Onlara arzu edirəm ki, səfərdə yaxşı oynasınlar. Amerikadan "Qarabağ”a azarkeşlik edəcəyik. 

- Azərbaycan çempionatı ilə maraqlanırsınız? Ümumiyyətlə, son illər futbolumuz haqda düşüncələriniz necədir?

- Maraqlanıram, vaxtım olanda oyunlara baxıram. Mənə elə gəlir son illərdə futbolumuz irəli gedib. "Qarabağ”, "Neftçi”, "Sabah” güclüdür. Bu mənada çempionatımız maraqlı keçəcək. Yığmamıza da azarkeşlik edirəm. Bütün oyunlarına baxıram. Sonuncu oyunda qələbə qazandılar. Artıq kifayətdir, irəli getmək lazımdır. Azərbaycan həmişə futbolda güclü olub. İnanıram ki, bu ildən sonra futbolumuz inkişaf edəcək. Hakimlərimiz də yaxşıdır, məktəbimiz həmişə güclü olub. Tofiq Bəhramov, Rüstəm Rəhimov, Eldar Əzimov kimi hakimlərimiz olub. Bu gün Əliyar Ağayev kimi güclü hakimimiz var. Onunla da tez-tez danışıram. 

- Ölkəmizdə ən çox tənqid olunan yığmamızın səviyyəsi haqda nə deyə bilərsiniz? Əcnəbi baş məşqçi var, lakin ciddi nəticələr yoxdur…

- Nə deyə bilərəm? İndi dünya reytinqində tutduğu mövqedə olmamalıdır. Çox irəli getməlidir. Bütün səbəbləri öyrənmək üçün komanda daxilində olmalısan. Uşaq futbolunu inkişaf etdirmək lazımdır. Klublarımız pis deyil, inkişaf edir. "Qəbələ”, "Neftçi” Avroliqanın, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Klublar irəli gedir, yığmamız geri qalıb. İnanıram ki, onlar da bu ildən inkişaf edəcək. Millimiz dünya və ya Avropa çempionatının qrup mərhələsinə düşsə, gəlib komandanın oyununa stadiondan baxacağam. 

- Hücumçu olmusunuz, oynadığınız komandalarda xeyli qollar vurmusunuz. Ümumiyyətlə, Azərbaycandakı karyeranız yaddaşınızda necə qalıb?

- Bəli, hücumçu, qol vuran olmuşam. Ən güclü futbolçu olmasam da, qollar vurmuşam. Çünki bütün komanda yoldaşlarım oyun zamanı işləyirdi, ötürmələr verirdi. Yaddaqalan oyunlarımızdan biri Gəncədə "Torpedo” (Kutaisi) ilə olub. 3:1 hesabı ilə qələbə qazandıq. Qollardan birini Asif Əliyev, ikisini mən vurdum. Satdiona 30-35 min adam yığışmışdı. Sanki dünya çempionatı idi. Heyif ki, "Kəpəz” hazırda hər şeyə yenidən başlayır. Çox istəyirəm ki, əvvəlki vəziyyətinə qayıtsın. Azərbaycanda ən güclülərdən biri olsun. Gəncəli futbolçular Azərbaycan futboluna çox fayda verib. "Qarabağ”da oynayanda Moldova klubuna qarşı fərqlənmişdim. "Qarabağ”ın heyətində keçmiş SSRİ çempionu "Luqansk”a qarşı səfərdə oynayanda da vurduğum qol yadımda qalıb. Düzdür, ikinci liqada oynamışam, amma 282 qol vurmuşam və hamısı yadımdadır. 1991-ci ildə Şamaxının "İnşaatçı” komandasında "Xəzər”ə qarşı oyundan əvvəl lənkərandan olan bir dostumla danışdım. Onunla söhbətimizdən sonra gördüm ki, haqqımda müxtəlif fikirlər səsləndirirlər. Hətta məşqçimiz məni oyuna buraxmaq istəmirdi. Guya Lənkəran komandasının futbolçuları ilə nəsə danışmışıq. Ancaq israrla oynamaq istədiyimi bildirdim. Həmin oyunun 10-cu dəqiqəsində artıq iki qol vurmuşdum. Bu oyundan sonra Ağasəlim Mircavadov məni "Qarabağ”a apardı. Həmin vaxt komanda 3-4 il idi ki, fəaliyyət göstərirdi. Yeni qurulmuşdu. Yaxşı, gənc futbolçular var idi - Elşad Xudadatov, Müşfiq Hüseynov, Şaiq Həmidov, Vasif İsgəndərov, Sərdar Əliyev, Təbriz Hüseynov… Hamısı yadımdadır. Orada oynadığım bir ili xatırlayıram. İsgəndər Cavadov, Asif Əliyev, Maşallah Əhmədov, Mehman Allahverdiyevə "çox sağ ol” demək istəyirəm. Rəhmətlik Səmədağa Şıxlarov kimi güclü hücumçularımız olub. Futbolu onlardan öyrəndim. 

- Maraqlıdır, "Aron qol" ləqəbini sizə kim vermişdi?
 
- Bəli, həm "Aron qol”, həm də "Aron penal” deyirdilər. Səhv etmirəmsə, "Avtomobilçi”də oynayanda bu ləqəbi mənə Nadir Qasımov vermişdi. Çünki hər oyunda fərqlənirdim. Mingəçevirli azarkeşlər isə mənə "Aron penal” deyirdi. "Avtomobilçi”də 4 ildən çox oynamışam. Bütün Azərbaycan, Mingəçevir, Gəncə, Ağdam, Şamaxı, Quba mənə doğmadır. Valideynlərim də Qubadandır. 

- Bu ləqəblər xoşunuza gəlirdi?
 


- Əlbəttə, niyə də yox? "Aron qol” kimin xoşuna gəlməz? Amma "Aron penal” deyəndə hirslənirdim. Çünki həmin vaxtlarda VAR, hakim-inspektorlar yox idi. Oyunda yıxılanda hakimlər də kömək edib penalti qərarı verirdilər. Məndə də bir balaca biclik vardı, necə yıxılmaq lazım olduğunu bilirdim. Komandaya görə hakimlər simpatiya göstərirdilər. O vaxt hakimlərlə münasibətim çox yaxşı idi. Amerikada da hərdənbir hakimlik edirəm. Hakimlər üçün necə çətin vaxtlar olduğunu xatırlayıram. Yerli komandaya kömək etməyə çalışırdılar. Yerli komanda zəif olsa da, hərdənbir güclüləri məğlub edirdi. Ölkə xaricinə, Gürcüstana, Aşqabada gedəndə də belə hallarla üzləşirdik. Yadımdadı, bir dəfə Potidə 2 top irəlidə olsaq da, sonda 2:4 hesabı ilə uduzduq. Qapımıza üç penalti təyin olundu. İndi futbol çox inkişaf edir. Komissiyalar, hakim-ispektorlar, VAR sistemi mövcuddur. Belə hallar az olsa da, hərdənbir səhvlər edirlər. Məsələn, bir neçə il öncə "İnter”lə oyunda hakimlərin səhvinə görə "Qarabağ”ın qrup mərhələsindən çıxa bilməməsi yadımdadır. Heç bizim vaxtımızda belə səhvlər yox idi. "Səhv” deyirdilər, amma mənə elə gəlir, "Qarabağ”ı bilə-bilə növbəti mərhələyə buraxmadılar. 

- Sonuncu dəfə Azərbaycanda nə zaman olmusunuz? Ümumiyyətlə, gəlib-getmək imkanınız olur?

- Azərbaycan həmişə ürəyimdədir. Amma Azərbaycan dili yavaş-yavaş yadımdan çıxır və buna görə utanıram. Bir ildir ki, atamla anam rəhmətə gedib. Onlar azərbaycanca təmiz danışırdılar. Atam, Raşbil müəllim mənə dərs keçirdi. O, Azərbaycan dili müəllimi idi. Bütün sualları necə lazımdır tərcümə edib, mənə başa salardı. Hər gün Azərbaycana gəlib-getmək imkanım var. Amma işlərim çox olur. Üç övladım var. Həm də gəlib bütün rayonları, şəhərləri gəzmək üçün bir-iki həftə deyil, ən azı iki-üç ay lazımdır. Çünki ölkənin hər yerində azarkeşlər var. İndiyəcən də yazıb maraqlanırlar. Hamını görməliyəm. Allah qoysa baxarıq. Uşaqlarım burada doğulub. Onlar da maraqlanır, vətənimizi görmək istəyir. Həqiqətən Azərbaycan çox qəşəngləşib, varlı respublikadır. İnanıram ki, futbol da bir-iki ilə inkişaf edəcək. Həm də çox sağ olun ki, bizi darıxmağa qoymursunuz. 2-3 aydanbir jurnalistlər, futbolçular əlaqə saxlayır. Elə bil ki, heç Azərbaycandan getməmişəm. Ancaq, inşallah Azərbaycana gəlib, hamını gözümlə görməliyəm. 

- Amerikada da futbol oynamısınız. Necə yadınızda qalıb ABŞ karyeranız?

- Bura gələndə artıq hansı klubda oynayacağımı bilirdim. Həmyerlilərimizin olduğu klubda oynadım. Nə deyə bilərəm, 1994-1995-ci illərdə burada futbol hələ yeni inkişaf edirdi. O vaxt ikinci liqada bəzi meydançalar çox qəşəng olsa da, şəraiti, məsələn, çimməyə yeri, paltar dəyişməyə otağı yox idi. Futbol geri qalmışdı, hakimlər çox şeyi bilmirdi. Məsələn, oyunların birində penalti vurdum, qapıçı topu qaytardı. Təkrar zərbə ilə qol vursam da, hakim saymadı. Dedi ki, ikinci dəfə vurmaq olmaz. Hakimlərin futboldan başı çox çıxmırdı. Alban komandası ilə oynayırdıq, dava-qırğın düşdü. Qolu əvvəlcə saydılar, sonra qeydə almadılar. Hakim bilmirdi ki, qapıçı topu qaytaranda vurmaq olar. İndi ABŞ-ın yüksək liqası çox güclüdür. Bütün dünyadan futbolçular gəlirlər. Klubların reklam məsələsi çox yaxşıdır. Pul çoxdur, məşhur futbolçular gəlib oynayır. Amerikalılar Azərbaycanı tanımırdılar. İndi hər kəs tanıyır. Turnirləri keçirəndə, biz də televeziyalara reklam veririk. Banişevskinin adına turnirin elanını verəndə burada doğulan uşaqlar yarışın nə zaman keçiriləcəyi haqda soruşurdular. Məqsədimiz odur ki, Azərbaycanı bütün dünyada tanıtdıraq. Bunun üçün əlimizdən gələni edirik.

- Bu gün Azərbaycan və ABŞ futbolunu müqayisə etsək, hansı fərqlər ortaya çıxar?

- ABŞ yığması və klubları Azərbaycandan çox irəlidədir. Xeyli inkişaf ediblər. İnanıram ki, Aərbaycan da bir neçə ilə çox inkişaf etməlidir. 30 ildir Amerikada yaşamağıma baxmayaraq, Azərbaycan millisinə azarkeşlik edirəm. Uğurlar komandamıza. Jurnalistlərə də təşəkkür edirəm, futbolun inkişafı üçün sizlərdən çox şey asılıdır.

- Məşhur futbolçulardan, məsələn, Baraziliya, Argentina yığmalarının keçmiş və ya indiki  oyunçularından hansı iləsə münasibətiniz, dostluğunuz və ya tanışlığınız var?

- "New York Cosmos” və "Nyu York Red Bulls”da oynamış, həm də baş məşqçi olmuş, Boliviyada, Paraqvayda oynamış Covanni Sobarezi ilə tanışlığım var. Nyu York dünyanın mərkəzidir, demək olar. Amma futbol buradan çox uzaqlarda, başqa ştatda, məsələn Nyu Cersidə daha yaxşı inkişaf edib. Başqa iki-üç nəfər tanışlığım olan futbolçular var. Məşhur futbolçulardan heç biri ilə tanışlığım yoxdur. Amma Messiyə azarkeşlik edirəm. O, mənim kumirimdir. Bilirəm ki, Azərbaycanda çox azarkeşlər Ronaldonu sevir. Mən isə Messini xoşlayıram.

- Messi son vaxtlar o qədər də gözə "girmir”. Bu il "Qızıl top" mükafatına namizədlər arasına da düşmədi. Sizcə Messi tükənib?

- Messi haqqında çox danışmaq olar, o, bitməyib, hələ oynayacaq. Bu il iki turnirdən birində, ya Dünya Çempionatı, ya da Çempionlar Liqasının qalibi olsa, yenə qayıdacaq. Onun istəyi idi ki, Mbappe "Real”a keçməsin. İndi Mbappe PSJ-də qaldı. Hər üçü - Messi, Mbappe, Neymar ulduzdur. Onları saxlamaq çox çətin olacaq. Sözsüz, əvvəlki Messi deyil, amma hələ tükənməyib, 35 yaşı var. Mənə elə gəlir ən azı iki il oynayacaq. 

Səbuhi Həsənov