Dünya 17:32 23.08.2022

ABŞ İranın JCPOA tələblərinin bəzisindən imtina etməsini alqışlayır, lakin... - DD

ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlara aid olmayan bir sıra tələblərdən imtina etmək qərarını alqışlayır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

"Əlbəttə, İranın İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyaların ləğvi kimi bir sıra tələblərdən imtina etmək qərarına gəlməsi bizi ruhlandırır, lakin qeyd edirik ki, bir sıra mübahisəli məsələlər hələ də qalmaqdadır", - Prays brifinq zamanı deyib. Bu barədə RİA Novosti məlumat yayıb.
Diplomatın sözlərinə görə, ABŞ hələ də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası təklifləri ilə bağlı səsləndirdiyi fikirləri öyrənir və onlara "mümkün qədər tez” cavab verməyə çalışacaq.

"Bu məsələ ilə bağlı biz bir gün də gecikməyəcəyik”, - ABŞ Dövlət Departamentinin nümayəndəsi əmin edib.

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıblar. 2018-ci ilin mayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün Vyanada danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropa tərəfinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər. İranın sözçüsü Baqeri Kyani danışıqların yaxşı getdiyini deyib, lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vyanada irəliləyişi ləng kimi qiymətləndirərək, Tehranı məsələyə ciddi yanaşmağa çağırıb. Martın sonunda tərəflərin paytaxtlarına qayıtması ilə danışıqlar dayandırılıb. İran Xarici İşlər Nazirliyi buna görə ABŞ administrasiyasını günahlandırır. JCPOA üzrə danışıqların sonuncu raundu 29-30 iyun tarixlərində Qətərin paytaxtı Dohada keçirilib.

Alpər