Dünya 16:31 05.12.2022

ABŞ Putin üçün “Nürnberq”in iki variantını hazırlayıb

ABŞ prezidenti Co Bayden administrasiyasının əsas fiqurları Ukraynadakı müharibə cinayətlərində Rusiya rəhbərliyinin rolunu araşdıracaq xüsusi tribunalın yaradılması ideyasına getdikcə daha çox meyil edirlər. Eyni zamanda, onlar belə bir məhkəmənin təşkili üçün iki variantı müzakirə edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” ABŞ-ın qlobal cinayət ədaləti üzrə səfiri Bet Van Şaka istinadən yazır.
 
"Bu, Ukrayna prezidenti Volodimir Zelenskini həqiqətən narahat edən bir məsələdir. Ukraynanın istədiyi budur və düşünürəm ki, bunun, böyük mənası olacaq”, – Van Şak bildirib. Bayden administrasiyası indi "hər aspektə" baxır və bəzi müvəqqəti tədbirləri dəstəkləyir, "xüsusilə dəlillərin qorunmasını", - xüsusi tapşırıqlar üzrə səfir deyib.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bu ilin martında Rusiyanın hərbi cinayətləri ilə bağlı araşdırmaya başlayıb. Lakin o, yalnız konkret cinayətlərdə şübhəli bilinənləri təqib edə bilər. Buna görə də Ukrayna və bir sıra Avropa ölkələrinin hakimiyyət orqanları Rusiya rəhbərliyi üçün ayrıca tribunal yaradılmasında israrlıdır.

Van Şakın sözlərinə görə, Qərb diplomatları indi belə tribunal üçün iki mümkün variantı nəzərdən keçirirlər. Birinci halda, Ukrayna və BMT "bəzi aspektlərdə Baş Assambleyanın xeyir-duası olan”, həmçinin "bütün beynəlxalq ictimaiyyətin siyasi dəstəyini təmin edən” ikitərəfli saziş bağlaya bilər.
İkinci variantda Ukrayna Aİ və ya Avropa Şurası ilə birlikdə daxili məhkəmə yaradacaq. Van Şak izah edir ki, belə bir tribunal BMT Baş Assambleyasında səsvermə yolu ilə əlavə beynəlxalq dəstək qazana bilər.

Hər iki tribunal "məhdud sayda müttəhimlər, ehtimal ki, yüksək səviyyəli siyasi liderlər və ola bilsin, bəzi yüksək rütbəli hərbçiləri" mühakimə edəcək. 
BMT artıq Rusiya üzrə tribunalın yaradılması ilə bağlı qətnamə layihəsi hazırlayıb. Bununla belə, ideyanın əleyhdarları da var. Onlar hesab edirlər ki, qətnamənin ortaya çıxması BCM-in statusunu aşağı sala bilər və böyük ehtimalla Kremli hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlardan uzaqlaşdırar. Eyni zamanda, dövlət başçıları və xarici işlər nazirləri beynəlxalq hüquqa uyğun olaraq, milli məhkəmələrdə təqib olunmaqdan immunitetə malikdirlər.

Buna baxmayaraq, Rusiya rəhbərliyi üzərində tribunalın keçirilməsini Avropa Komissiyası, Fransa, Niderland və Baltikyanı ölkələr dəstəkləyir. Kreml Rusiya və onun rəhbərliyi üçün tribunalın yaradılması cəhdlərini əvvəlcədən rədd edir.

"Bir növ tribunallar yaratmaq cəhdlərinə gəlincə, onların heç birinin legitimliyi olmayacaq, bizim tərəfimizdən qəbul edilməyəcək və pislənəcək”, -  ötən həftə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Nizami Bağırov