Dünya 14:40 27.06.2022

ABŞ Rusiyaya dəstək verən şirkətlərə öz texnologiyalarını satmayacaq

ABŞ Rusiyaya dəstək verən şirkətlərin ABŞ texnologiyalarına, o cümlədən yarımkeçiricilərə çıxışını əngəlləməyi planlaşdırır.

Bu barədə Qaynarinfo Ağ Evin bəyanatına istinadən xəbər verir

ABŞ Prezidentinin Administrasiyasının məlumatına görə, bir neçə ayda ABŞ-dan Rusiyaya ixrac 97% azalıb.

Eyni zamanda, sanksiyalar siyahısına neçə şirkətin daxil olacağı dəqiqləşdirilməyib. ABŞ həmçinin Rusiyanın dövlət hərbi şirkətlərinə, eləcə də müdafiə sahəsində çalışan tədqiqat təşkilatlarına qarşı bloklayıcı sanksiyalar tətbiq etmək niyyətindədir.

Həmçinin qeyd edilir ki, ABŞ hakimiyyəti Rusiyaya vergidən yayınmada yardım edən şəxslərə qarşı da analoji sanksiyalar tətbiq etmək niyyətindədir.

"Rusiyanın bütün dünyadan mal idxalı 40% azala bilər. Rusiyanın bütün zavodları istehsalı saxlamaq üçün mübarizə aparır. Rusiyada ÜDM-in ikirəqəmli azalma ehtimalı var, inflyasiya 20%-dən çox olacaq, Rusiya istiqraz ödənişləri ilə bağlı problemlər yaşayır və Rusiya bir əsrdən artıq müddətdə ilk dəfə olaraq suveren borcunu ödəməkdən yayınıb”, - Ağ Evin bəyanatında deyilir.

Nizami Bağırov