Dünya 14:49 25.11.2022

ABŞ Türkiyə hücum etməsin deyə kürd qüvvələrini Suriyadan çıxarmağa hazırdır - "Hürriyət"

ABŞ Türkiyəyə Vaşinqtonun nəzarətində olan kürd birləşmələrini Suriyanın şimalından 30 km məsafəyə çəkməyi təklif edib. Amerika tərəfinin fikrincə, bu, Ankaraya bölgədə transsərhəd əməliyyatdan yayınmağa imkan verəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Hürriyet” qəzeti Türkiyə və ABŞ Baş Qərargah rəisləri arasında aparılan danışıqların yekunlarına görə məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyə ordusunun bölgədə həyata keçirdiyi hava əməliyyatı nəticəsində Kürd Fəhlə Partiyası (PKK) və "Xalq Özünümüdafiə Qüvvələri”nin nəzarətində olan təchizat yolları, neft obyektləri, qərargah və təlim bazaları" məhv edilib. Bundan sonra genişmiqyaslı quru əməliyyatının başlamasından ehtiyatlanan PKK yardım üçün ABŞ-a müraciət edib, - "Hürriyet” qeyd edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq və Suriyanın şimalında tank və artilleriyadan mümkün istifadə ilə bağlı sözlərini nəzərə alaraq, Vaşinqton münaqişənin gərginləşməsindən yayınmağa qərar verib. Bununla bağlı ABŞ Baş Qərargah rəisi Mark Milli türkiyəli həmkarı Yaşar Gülər ilə telefon danışığı aparıb, daha sonra Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk qəbul edib. Nəşrin aydınlaşdırdığı kimi, bu danışıqlar zamanı Vaşinqton Ankaraya nəzarəti altında olan kürd qüvvələrini 30 km məsafəyə çıxarmağı təklif edib.

Xatırladaq ki, noyabrın 20-dən Türkiyə Suriya və İraq ərazilərinə kütləvi hava zərbələri endirir. Davam edən hərbi əməliyyat "Xalq Özünümüdafiə Qüvvələri” və PKK birləşmələrinə qarşı mübarizə ilə izah olunur. Türkiyə hakimiyyəti İstanbulun İstiqlal küçəsində baş verən partlayışda bu təşkilatları günahlandırır.

Daha sonra Türkiyə prezidenti İraqın şimalında və Suriyada hərbi əməliyyatın mümkün genişləndirilməsi, o cümlədən tank və artilleriyadan istifadə ediləcəyini açıqlayıb. Ərdoğan vurğulayıb ki, Ankara öz addımlarını Suriyada mövcud olan digər qüvvələrlə - Rusiya və ABŞ-la əlaqələndirmək fikrində deyil.

Nizami Bağırov