Ekonomiks 16:11 05.10.2022

Abid Şərifova məxsus olduğu deyilən şirkətin 300 mindən çox borcu var - “Qardaşı” borcdan necə çıxır?

Baş nazirin sabiq müavini Abid Şərifovun ailə biznesinə aid olduğu deyilən Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" (keçmiş "Azərkörpü”) Açıq Səhimdar Cəmiyyətində (ASC) ciddi maliyyə problemləri yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, Abid Şərifov vəzifəsindən getdikdən sonra "EVRASCON” ASC-də işlər heç də qaydasında getmir. 
Şirkətin Direktorlar Şurasının sədri İsmiyev İsmayıl-Əfəndi Hacımurad oğlunun adına olan qurumun Dövlət Vergi Xidmətinə 345 min 619 manat 85 qəpik vergi borcu var.



ASC tender yolu ilə sonuncu dəfə 09.10.2020-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə 104051.86 AZN-lik müqavilə bağlayıb. 

Böyük məbləğdə vergi borcu olan ASC-nin sədri İsmiyev İsmayıl - Əfəndi Hacımurad oğlu adına kiçik MMC və QSC-lər yaratmaqla rəhbəri olduğu qurumu "bataqlıqdan” çıxarmağa çalışır. 



7 iyun 2022-ci il tarixində adına 300 min manatdan çox vergi borcu olan İsmiyev İsmayıl - Əfəndi Hacımurad oğlu nizamnamə kapitalı 692624.27 manat olan "RİBAT" Qapalı Səhmdar Cəmiyyətini yaradıb. 

Tenderlərdən uzaqlaşdırılan şirkətin sonuncu dəfə 08.12.2021-ci il tarixində "Sulutçay” qum-çınqıl yatağı üzrə keçirilən hərracın qalibi olub.



Artıq şirkətlə bağlı xeyli sayda məhkəmə çəkişmələri də var. Belə ki, Mahmudov Mübariz Almas oğlu maddi ziyanın və mənəvi zərərin ödənilməsi ilə bağlı "EVRASCON”nu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verib. 



Qeyd edək ki, bir neçə il əvvəl Abid Şərifov "EVRASCON” ASC-nin Qazaxıstan fialında baş verən qalmaqalla bağlı İsmiyev İsmayıl - Əfəndi Hacımurad oğlunu belə təmizə çıxarmışdı: "Bu adam şirkətin rəhbəridir, hər şeyi bilməlidir və bilir də. Bu şirkətin rəhbəri mənim qardaşımdı”.

Əhməd