Siyasət 17:56 22.07.2022

Allahşükür Paşazadə baş nazirlə görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə hökumət administrasiyasından məlumat verilib. Görüşdə Gürcüstan hökumətinin müsəlman icmasına dəstək məqsədilə həyata keçirdiyi tədbirlərə diqqət çəkilib.

Bildirilib ki, Gürcüstan hökuməti müsəlmanların ixtiyarına 228 məscid verib, eləcə də "Bütün Gürcüstan Müsəlmanları İdarəsi”nin mərkəzi ofisinin tikintisi üçün Tbilisidə 1300 kvadratmetr torpaq sahəsi ayırıb. Paşazadə Qaribaşviliyə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

Qaribaşvili qeyd edib ki, Azərbaycan təkcə Gürcüstanın qonşusu deyil, həm də qardaş xalq, dost dövlətdir və Gürcüstan iki ölkə arasında mövcud olan qardaşlıq və dostluğu yüksək qiymətləndirir.

Baş nazir həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri ilə Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya arasında "xüsusi dostluğun” olduğunu vurğulayıb.

2014-cü ildə aparılan son əhalinin siyahıyaalınmasına əsasən, Gürcüstanda 398 mindən çox müsəlman yaşayır, yəni ölkə əhalisinin təxminən 9%-i islam dininə etiqad edir. Bu insanların təxminən üçdə biri Acarıstanda yaşayır.

Bu gün Gürcüstanda 300-ə yaxın məscid var - bunlar əsasən kəndlərdə yerləşən kiçik tikililərdir.

Əsas müsəlman icmaları azərbaycanlılar, çeçen-kistlər, ləzgilər, ahıska türkləri, Acarıstanda yaşayan gürcü müsəlmanları, habelə abxazlar və ahıskalıların bir hissəsidir.

Nizami Bağırov