İdman 18:42 29.11.2022

“Şamaxı” - “Kəpəz” matçında qalmaqala səbəb olan futbolçu: “Gördüm ki..."

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutan "Şamaxı” - "Kəpəz” matçı qalmaqalla yekunlaşmışdı. Qarşılaşmanın sonlarına yaxın "Şamaxı”dan Fuad Bayramovla "Kəpəz”in futbolçusu Elçin Əlicanovun mübarizəsindən sonra meydan sahiblərinin futbolçusu yerdə qalmışdı. Bayaramovun yerdə qaldığını görən Gəncə klubunun gürcü legioneri Giorgi Kantariya ona yaxınlaşaraq əsəbi şəkildə nəsə deyib. Bu zaman "Şamaxı"nın digər futbolçusu Bahadur Həziyev Kantariyanın üzərinə yeriyərək komanda yoldaşını müdafiə etməyə çalışıb. Nəticədə futbolçular arasında dava düşüb. Qısası, oyunun  gərgin keçdiyi bir vaxtda Həziyevin rəqib futbolçu ilə anlaşmazlıq yaşaması hər iki komandanın oyunçularının bir-birilə mübahisəsinə səbəb olmuşdu. Nəhayət matçın baş hakimi Əliyar Ağayev və ətrafdakıların müdaxiləsi nəticəsində ara sakitləşmiş, günahkarlar sarı vərəqə ilə cəzalandırlmışdı. 

Bəs nə baş vermişdi? "Kəpəz”in gürcü futbolçusunun hansı sözü Həziyevin xoşuna gəlməmişdi? Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən futbolçu yaşananları belə izah etdi:

"Gürcü futbolçu Fuada nəsə xoşagəlməz söz deyirdi. Əsəbi şəkildə onun üstünə qışqırdı. Bu da mənim xoşuma gəlmədi. Yaxınlaşıb ona "Nə olub dərəbəylikdir? Çəkil kənara, həkim baxsın” dedim və itələdim. Bundan sonra hamı bir-birnin üzərinə gəldi. Nəticədə bu hal baş verdi. Hakim hər komandadan iki nəfərə sarı vərəqə göstərdi. Oyun qızışmışdı, gərginlik vardı. Heç bir komandanın uduzmaq niyyəti yox idi. Hamı əsəbi idi, ona görə də belə oldu. Sarı vərəqə göstəriləndən sonra ara sakitləşdi. Söyüş söydü ya yox, bunu bilmədim. Çünki onların dilini bilmirəm. Sadəcə gördüm ki, onun üstünə qışqırır”.

Komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi matçın 1:1 hesabı ilə nəticələnməsinin sevindirici hal olduğunu deyir: 

"İlk hissənin 20 dəqiqəsində komandada həyəcan var idi. Qol buraxandan sonra tez-tez top itirirdik. 20-25 dəqiqədən sonra topralandıq, yaxşı oynamağa başladıq. İkinci hissədən etibarən üstünlük biz tərəfə keçdi. Qol vəziyyətləri yaratdıq. Təkcə Rövşən Şahmuradov iki yüzfaizli qol vəziyyətindən istifadə edə bilmədi. Şükürlər olsun, qol vurdum və hesab bərabərləşdi. Sevindirici haldır ki, uduzmadıq. Turnir cədvəlində 7-ci yerə yüksəldik”. 

Həziyev komandanın hədəfləri haqqında danışarkən, azərbaycanlıların "ölmədiyini” göstərmək istədiklərini söyləyir:

"Fikrimiz bacardığımız qədər çox xal toplayıb yüksək pillələrdə qərarlaşmaqdır. 9-cu, yaxud 8-ci yerdə olmağı düşünmürük. Boşuna xallar itirmişik. Neçə oyunda sonuncu dəqiqədə qollar buraxmışıq. "Sabah”la oyunda 90-cı, "Neftçi” ilə görüşdə 80-ci, "Turan Tovuz”la matçda 85-ci dəqiqədə qol buraxdıq. Fikrimcə, bu, fiziki deyil, köklənmə məsələsi ilə əlaqədardır. Standart vəziyyətlərdən qollar buraxırıq. Bunun üzərində çalışırıq. "Turan Tovuz”u məğlub etdik, "Kəpəz”lə heç-heçə oynadıq. Məncə, yaxşı nəticələrdir. Hədəf odur ki, sonuncu yeri tutmayaq və nə qədər bacarırıqsa, xal toplayıb irəli gedək. Komandamızın çox hissəsi gənclərdən təşkil olunub. Sübut etmək istəyirik ki, Azərbaycanda futbolçular var. Niyə legioner pul qazansın, azərbaycanlı yox? "Şamaxı” yerlilərdən təşkil olunub. Göstərmək istəyirik ki, azərbaycanlılar "ölməyib”. Komanda xarakter göstərir, döyüşkənlik, ruh olanda nəticə qazanmaq mümkündür. Təcrübəsizlikmi, qol imkanlarından yararlana bilməməkmi deyim, bilmirəm,  bunların üzərində işləmək, səbirli olmaq lazımdır”.
 



Səbuhi Həsənov