Siyasət 15:10 23.06.2022

Ankara xarici siyasətində yeni kursa üstünlük verir - Politoloq

Türkiyə xarici siyasətində region ölkələri ilə əməkdaşlığa önəm verilir. Son zamanlar bu xətt özünü daha qabarıq göstərir. Belə ki, İsraillə yaxınlaşmanın ardınca Türkiyə Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı genişləndirməyə başlayıb. 

Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının vəlihəd şahzadəsi Məhəmməd bin Salman arasında baş tutan görüşdən sonra verilən birgə bəyanatda ikitərəfli münasibətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqda yeni dövrə başlamaq əzmi vurğulanıb. 

Lakin Ankaranın İsrail və Səudiyyə Ərəbistanı ilə yaxınlaşması bəzi region ölkələrinin qıcığına səbəb olur. Rusiya və İran bu məsələyə daha həssas yanaşırlar.

Məsələni Qaynarinfo-ya şərh edən politoloq Tural İsmayılov düşünür ki, Türkiyənin Səudiyyə Ərəbistanı və İsraillə münasibətlər qurması və inkişaf etdirməsi Ankaranın Tehranla münasibətlərinə hansısa bir formada zərbə və xələl vura bilməz:

"Türkiyə hazırda regional oyunçudan qlobal siyasi oyunçuya çevrilib. Ankaranın həyata keçirdiyi xarici siyasət kursu çoxvektorlu əlaqələrə söykənir. Bu baxımdan, Ankara ilə Əl-Riyad arasında danışıqlar illərdir ki, davam edirdi. Onlar müxtəlif sahələrdə əməkdaşlıq edirdi. İndi bu əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulur. 

İsraillə münasibətlərin normallaşmasına gəlincə, burada tək Türkiyənin deyil, həm də Təl-Əvivin rəsmi iradəsi var:

"İsrailin yüksək rütbəli rəsmiləri Ankara ilə münasibətlərin normallaşması, inkişafı və yüksələn xətlə davam etdirilməsini prioritet xətt elan ediblər. Ankara da İsrail tərəfdən gələn pozitiv dost mesajlarına müsbət cavab verib. Ümumiyyətlə, Türkiyənin xarici siyasət kursu onunla rasional əlaqələr qurmaq istəyən, onun suveren hüquqlarına hörmət edənlərlə əlaqələrini dərinləşdirmək istiqamətindədir. Ankaranın hansısa üçüncü dövlətlərlə əlaqəsi heç bir formada İranı narahat etməməlidir. Çünki İran özü də bir sıra hallarda qonşularının marağına cavab verməyən addımlar atır. Ankaranın Təl-Əvivlə münasibətləri soyuq olan dövrdə belə Tehran Türkiyə ilə münasibətləri daha da inkişaf etdirməyə diqqət ayırmayıb”. 

Rüfət Sultan