Siyasət 15:34 14.06.2022

Anlaqsız Bayden və dəlisov Tramp yenidən Ağ ev uğrunda savaşa başlayırlar

Ağ Ev ABŞ lideri Co Baydenin 2024-cü ilin prezident seçkilərində ikinci dəfə namizəd olub-olmayacağı barədə xəbərlərə aydınlıq gətirib. Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib. "Bayden seçki yarışına girəcək. O, əvvəllər özü də bu barədə bildirib", deyə Ağ Ev rəsmisi deyib.

Qeyd edək ki, ABŞ-ın sabiq lideri Donald Tramp da 2024-cü ilin prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, bir neçə ay öncə Baydenin özü də sabiq dövlət başçısı Barak Obama ilə görüşdə növbəti seçkilərdə namizədliyini yenidən irəli sürəcəyini planlaşdırdığını bildirib. Bundan əvvəl hazırkı prezident mart ayında Brüsseldə keçirdiyi mətbuat konfransında Ağ Ev uğrunda yenidən mübarizə aparmaq planlarından danışmışdı. 

Belə olan halda, 2024-cü il seçkilərində də böyük ehtimalla Baydenlə Trampın bir-birilə mübarizə aparacaqlarının şahidi olacağıq. Baydenin hazırda 79 yaşındadır. İki ildən sonra növbəti seçkilərə qatılanda artıq onun 81 yaşı olacaq. Onun növbəti dəfə seçilib-seçilməyəcəyinə gəldikdə, indidən bu barədə konkret nəsə demək çətindir. Amma apreldə keçirilən son rəy sorğularına görə onun reytinqi aşağı düşüb. Belə ki, CNBC tərəfindən aparılan son sorğuya görə, Baydenin prezident kimi fəaliyyətini amerikalıların yalnız 37 faizi bəyənib, 53 faizi isə bəyənməyib. Baydenin yaşlı olması, danışarkən tez-tez səhvlərə yol verməsi istər-istəməz onun reytinqinə mənfi təsir göstərir. 

Lakin Ukrayna məsələsində tutduğu mövqe fonunda Rusiyanı küncə sıxmağı bacaracağı təqdirdə, Baydenin nüfuzunun yenidən yüksələcəyini də gözləmək olar. Digər tərəfdən, ABŞ tarixində prezident olan şəxsin ikinci dəfə namizəd olduğu təqdirdə, məğlub olması kimi hallar ancaq təsadüfi hallarda baş verib. 

Baydenin şansını Qaynarinfo-ya şərh edən politoloq Tural Rzayev onun qələbə əldə etmək imkanlarının olduğunu söylədi: 

"Baydenin seçilmək şansı var. ABŞ-ın liberal istiblişmenti Baydeni dəstəkləyir. Amma Baydenin sağlıq durumu onun yenidən seçilməsinə əngəl yarada bilər. Onun pilləkənləri qalxarkən tez-tez yıxıldığını görürük. Bundan başqa, heç kəsin olmadığı yerə dönərək öz-özünə danışdığının da şahidiyik. Deməli, yaşla bağlı müəyyən psxoloji problemləri var. Bu müstəvidə seçkilərə qədər sağlıq durumunun daha da ağırlaşa biləcəyi istisna deyil”.

Ekspert qeyd edir ki, Bayden üçün ikinci problem Trampın yenidən namizəd olmaq istəyidir:

"Bu yaxınlarda Konqresə seçkilər olacaq və gözlənilir ki, üstünlüyü respublikaçılar əldə edəcək. Bu isə prezident kimi Baydenin tamamilə təzyiq altında qalması deməkdir”. 

Rüfət Sultan